Ukraynada keçirilən parlament seçkisində prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası böyük fərqlə qalib gəlib.
Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 faizindən çoxu artıq sayılıb.
İndiyə qədər olan rəqəmlərə görə, prezident Zelenskinin "Xalqın xidmətçisi" partiyası proporsional sistemlə səslərin 43 faizindən çoxunu əldə edib. Bu da Ali Radada azı 124 yer qazanmaq deməkdir.
Prezidentin partiyası mojoritar sistemlə keçirilən təkmandatlı dairələrdə isə 199 yerdən 129 yeri qazanıb.
Bununla da, Zelenskinin partiyası 450 yerlik Ali Radada (faktiki 424 deputat - işğal olunmuş ərazilərdən seçilməli olan 26 deputat yeri vakant qalır) 253 mandat qazanaraq parlamentin yarısından çoxuna nəzarət edəcək.
İkinci yerdə isə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyən “Müxalifət platforması” partiyasıdır. Onlar 13 faiz səs toplayıb partiya siyahısı ilə 37 yer qazanıblar. Kremlə yaxınlığı ilə tanınan partiya təkmandatlı dairələrdə qazanılan yerlərlə birgə parlamentdə 44 yer qazanıb.
Parlamentdə üçüncü böyük qrup 8,18 faizlə keçmiş baş nazir Yuliya Timoşenkonun Batkivşina partiyasıdır. Batkivşina partiya siyahısı ilə 24, mojorotar sistemlə isə 1 yer qazanaraq ümumilikdə 25 mandat əldə edib.
Dördüncü yerdə keçmiş prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası gəlir. Onlar 8,12 faiz səslə proporsional sistemlə 23, təkmandatlı dairələrdən isə 2 yer qazanıb və parlamentdə 25 yer əldə ediblər.
Parlamentə düşən son partiya isə rok-ulduzu Svyatoslav Vakarçukun “Səs” partiyasıdır. Siyasətə bir neçə ay əvvəl gələn partiya ilk seçkisində uğur qazanıb. “Səs” seçkilərdə 6 faiz səs əldə edərək partiya siyahısı ilə 17, majoritar sistemlə isə 3 mandat əldə edərək ümumilikdə parlamentdə 20 qazanıb.
Bu seçki nəticələr ilə Ukrayna tarixində bir ilk yaşanıb. Belə ki, ilk dəfə bir partiya təkbaşına hökumət qura biləcək.