Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə yenidən təxribat olduğunu açıqlayıb.
Bu gün, iyulun 29-da DSX-nin yaydığı məlumatda bildirilir ki, iyulun 28-də saat 22:00 radələrində döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri növbəti dəfə atəşə tutulub:
"Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım" sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ" markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub".
İyulun 27-də də DSX oxşar açıqlama yaymışdı. Həmin açıqlamada vurğulanırdı ki, qarşı tərəfin snayperləri Azərbaycan mövqelərindən arxa istiqamətdə hərəkətdə olan "KamAZ" markalı hərbi yük maşınını atəşə tutublar, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. DSX qeyd edirdi ki, Azərbaycan da buna cavab verib.
Ermənistan tərəfi isə iyulun 28-də Azərbaycan tərəfdən açılan atəşdən bir əsgərinin öldüyünü bildirib. Məlumatı Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan yayıb.
O, 1995-ci ildə anadan olmuş, müqavilə ilə hərbi xidmət keçən Arman Bulqardaryanın Ermənistan sərhədinin şimal-şərq hissəsində Azərbaycan tərəfinin açdığı atəşdən həlak olduğunu qeyd edib.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.
1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.