Səhiyyə Nazirliyinin məlumatına görə, Şəkidə ağac aşması nəticəsində yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır.
Məlumatı APA yayıb. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərildiyi, vəziyyətlərinin normal olduğu bildirilir.
Xəsarət alanlardan ikisinin Rusiya, beşinin Suriya vətəndaşı olduğu deyilir.
Vəziyyəti ağır olanlar bunlardır: 21 yaşlı Sara Hasan (sağ budun qapalı travması çanaqda),
26 yaşlı Elxan Məmmədov (onurğanın qapalı travması), 24 yaşlı İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), 32 yaşlı Xatirə Ağamaliyeva “sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok).
Baş Prokurorluq və Dövlət Turizm Agentliyi iyulun 14-də Şəki rayonunda küləyin ağacı aşırması nəticəsində xəsarət alanların durumu ilə bağlı məlumat yayıblar. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşların olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi isə davam edir.
Xəstəxanaya yerləşdirilən 2 şəxsə görə Bakıdan yüksəkixtisaslı mütəxəssislərin çağırıldığı bildirilir. Xəsarət alan şəxslərin müalicələrinin dövlət başçısının xüsusi nəzarətində olduğu qeyd edilir.
Şəki Xan Sarayı və şəhərin qədim hissəsi ötən həftə - iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub. Bununla bağlı qərar qurumun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında qəbul edilib. Prezident bununla bağlı təbrik etmişdi.
İyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı ağacın bir qolu qırılaraq aşıb. Nəticədə hadisə yerində olan 15 nəfərdən çox turist yaralanıb. Hadisə barədə AzadliqRadiosuna yerli sakinlər danışıb.
Rayon Mərkəzi Xəstəxanasından olayı təsdiqləyiblər. Bildirib ki, 15 nəfər yaralı gətirilib, onlardan 5-i xarici, qalanları yerli turistlərdir.
Son günlər paytaxt Bakı və bəzi bölgələrdə güclü külək əsir. Bir gün öncə Bakıda küləyin dəmir qapını aşırması nəticəsində bir qadın xəsarət almış, o xəstəxanaya yerləşdirilmişdi.
Azərbaycanın tarixi və gəzməli yerlərindən olan Şəkinin Xan sarayı və şəhərin qədim hissəsi ötən həftə UNESCO-nun Dünya İrs siyahısına daxil olub.