Prokurorluq rüşvətlə bağlı açdığı cinayət işləri üzrə 14 milyon manatı dövlətə qaytarıb

Prokurorluq rüşvətlə bağlı açdığı cinayət işləri üzrə 14 milyon manatı dövlətə qaytarıb
1 Avqust 2019
Mətni dəyiş
Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu haqda məlumatı mətbuat xidmətindən mediaya verilən məlumata görə, iyulun 31-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub. Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunub.   Əməliyyat müşavirəsində xüsusi qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: “Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib”. Həmçinin qeyd olunub ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 67 faizini təşkil edən 873 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib: Qeyd olunub ki, prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib: “Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sumqayıt və Gəncə şəhərləri, Şamaxı, Qəbələ, İmişli, Salyan və Lənkəran rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun