29 İyul 2019
Mətni dəyiş
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin haqqında ikinci cinayət işi üzrə də məhkəmə istintaqı yekunlaşdı.
İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev və daha 21 nəfərin işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı C.Hacıyevin 15 illik cəzasının artırılaraq 17 ilə qaldırılmasını istəyib. Digər təqsirləndirilən şəxslərdən C.Hacıyevin dostu, keçmiş deputat Dünyamin Xəlilova 15 il 9 ay, bacanağı İsmayıl Hidayətzadəyə isə 6 il azadlıqdan məhrumetmə cəzası tələb olunub.
Digər 19 nəfərə isə şərti cəza istənilib.
D.Xəlilov və İ.Hidayətzadə də 2015-ci ildən həbsdədir və bu, onların da haqqında ikinci cinayət işidir. Keçmiş deputata əvvəlki hökmlə 12 il 9 ay, C.Hacıyevin bacanağına isə 5 il həbs cəzası verilmişdi.
Bu işdə təqsirləndirilən şəxslər Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində, götürülən kreditlərin qaytarılmamasında ittiham olunurlar. Lakin onlar özlərini təqsirli bilmirlər.
İstintaq və məhkəmə dövründə də həbsdə olmayan, prokurorun şərti cəza istədiyi təqsirləndirilən şəxslər bunlardır - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov. Onlar D.Xəlilovun işçiləri olub və adlarına Beynəlxalq Bankdan kreditlər götürülüb. İ.Hidayətzadə C.Hacıyevin bacanağı olmaqla yanaşı, həm də "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib. O, əvvəlki hökmdə də Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda günahlandırılıb.