Nardaran hadisələri ilə bağlı həbs edilən, Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasi məhbus Anar Əliyev "kars"a salınıb.
Bu barədə nidaçı fəal Samir Əsədli məhbusun yaxınlarına istinadən məlumat yayıb. Onun sözlərinə görə, artıq ikinci gündür ki, Anar Əliyev cərimə kamerasındadır.
Məhbusun yaxınları iddia edir ki, A.Əliyev karsa salınmamışdan əvvəl həbsxana rəhbərliyi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.
Məlumata görə, onun döyülüb karsa salınmasının səbəbi həbsxanadakı məscidə ehsan olaraq şirniyyat verməsidir.
Bildirilir ki, həbsxanada ehsan vermək üçün onu CÇM-nin rəhbərliyi ilə razılaşdırmaq lazımdır. "Rəsmi belə qanun olmasa da, həbsxanada belə yazılmamış qaydalar var imiş".
İş günü olmadığından məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənə bilmədik.
Xatırlatma
Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvü olan Anar Əliyev bir qrup inanclı fəalla Nardaran olaylarından öncə həbs olunub.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunurlar.
Anar Əliyev Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 5 il 11 ay müddətinə azadlıqdan məhrum edib.
2015-ci il noyabrın 26-da hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub.
Həmin gün "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.