Milli Mətbuat Günü 144: Mətbuat Günü 1 il sonra - iyuldan iyula qədər

Milli Mətbuat Günü 144: Mətbuat Günü 1 il sonra - iyuldan iyula qədər
23 İyul 2019
Mətni dəyiş

İyulun 22-də “Hilton” otelində Milli Mətbuat Gününün 144 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk öncə Həsən bəy Zərdabinin adına təsis olunmuş mükafatlar təqdim olunub.

Abzas xəbər verir ki, jurnalist, publisist Orxan Fikrətoğlu, ARB televiziyasının əməkdaşı Rəna İbrahimova, jurnalist Kamran Mahmudov, “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev, cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına görə Dilqəm Əhməd 2019-cu ilin Həsən bəy Zərdabinin adına mükafatına təqdim olunublar.

Media hüquqi üzrə ekspert Xalid Ağaliyev ötən ilin iyulundan bəri Azərbaycanda media qanunvericiliyi ilə bağlı ciddi dəyişikliyin baş vermədiyini bildirib:

"Müəyyən gözləntilər var idi ki, yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılsın. Azı iyirmi ilə yaxındır ki, bizim böhtan və təhqirlə bağlı məsuliyyətin mülki sferaya daşınması ilə bağlı gözləntimiz var. Bu Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərdən irəli gəlir, eyni zamanda Avropa Məhkəməsi öz qərarlarında bir neçə dəfə ifadə edib ki, Azərbaycan bunu etməlidir".

Ekspertin sözlərinə görə, təəssüf ki, bu sahədə addım atılmadı. Ümumiyyətlə, hökumət bu sahədə səssiz qaldı, hər hansı bir fikir ifadə eləmədi.

"Halbuki əvvəlki illərdə müəyyən fasilələrlə də olsa görürdük ki, hökumət cəmiyyətin buna hazır olmadığını bildirirdi və başqa bir açıqlamaları olurdu. İnformasiya əldə etməklə bağlı müəyyənn dəyişikliklər oldu. Ötən ilin yayında ictimai informasiya sahibi olan dövlət qurumlarının həmin informasiyaları internet üzərindən açıqlanması ilə bağlı bir dəyişiklik olmuşdu. Həmin dəyişiklikdə bildirilirdi ki, bütün informasiyalar açıq olmalıdır. Sırf maliyyə informasiyalarının açıq olması icra hakimiyyəti qurumunun, Nazirlər Kabinetinin qərarı ilə açıqlanmalıdır".

Hüquqşunas deyir ki, ötən ilin payızında Nazirlər Kabineti maliyyə informasiyalarının açıq elan olunması ilə bağlı qanun qəbul edilib. Həmin qərara əsasən hər aprel ayının sonuna qədər bütün informasiya sahibi olan qurumlar özlərində olan maliyyə informasiyalarını, dövlət büdcəsindən onlara ayrılmış pulları necə, hara xərcləyirlər - bunun hesabatını hər il aprelin sonuna kimi öz saytlarında yerləşdirməlidirlər, hamı üçün əlçatan olmalıdır bu informasiyalar.

"Bu qanunvericilik sahəsində yeganə nəzərə çarpan dəyişiklik idi. Mən deyərdim ki, Nazirlər Kabinetinin qəbul etdiyi qaydaya uyğun yeganə hesabatı saytına daxil edən Hesablama Palatası oldu. Ötən ilin iyulundan bu günə kimi böhtan və təhqirlə bağlı xeyli məhkəmə işləri oldu. 29 məhkəmə işi olmuşdu: həm mülki, həm də xüsusi ittiham qaydasında. 11 işdə jurnalistin həbsi tələb olunurdu. Yaxşı ki, məhkəmələr əsaslandırılmış qərar ortaya qoymasa da yaxşı ki, həbs cəzası vermədi".

X.Ağaliyevin sözlərin görə, cinayət cəzası alan jurnalistlər də oldu. Belə ki, Mustafa Hacıbəyli, Anar Məmmədov və Nurəddin İsmayılova cinayət təqibi irəli sürülmüşdü.

"Onlar yaydığı məlumatlara görə - bu daha çox Gəncə hadisələri ilə bağlı idi, bir də Mingəçevirdə baş verən qəza ilə bağlı idi. Məhkəmə hər iki jurnalistə 5 il, 6ay şərti cəza verdi. İnformasiya əldə etməklə bağlı ötən bir il ərzində 13 məhkəmə işi olub. Bu 13 işin heç birində məhkəmə jurnalistin xeyrinə qərar çıxarmayıb. Halbuki jurnalistin istədiyi informasiyalar o informasiyalar idi ki, dövlət qurumu həmin informasiyanı aprel ayının 30-na kimi saytlarına qoymalıdır".

Eksper təəssüflə bildirib ki, bu ili də bir neçə jurnalist həbsdə qaldı: Seymur Həzi, Elçin İsmayıl, Əfqan Muxtarlı, Ziya Əsədli, Araz Quliyevi qeyd edə bilərik. Onlara qarşı irəli sürülmüş ittihamları yerli məhkəmələr təsdiq ediblər və artıq uzun müddətdir ki, həbsdə qalırlar.

Media hüququ eksperti Ələsgər Məmmədli televiziyaların günümüzün gündəlik nəbzini tutmadığını qeyd edib:

“Ona görə biz xarici televiziyalara baxırıq ki, onlar gündəmdən danışırlar. Bizim yerli televiziyalarda daha çox təbliğat olur, cəmiyyət təbliğatdan doyub. Ona görə cəmiyyət onlayn mediaya inanır. Rabitə Nazirliyinin bir məmuru məhkəmə olmadan oturub qərar verir ki, filan saytı bloklamalıyıq, çünki orada filan məlumat gedib. Bir məmur haradan bilə bilər ki, o sayt gerçək cəmiyyətin marağını əhatə edir, ictimai əhəmiyyətlidir? Bundan sonra yüz minlərlə izləyicisi olan sayt bir anda bağlanacaq və gözləyəcək ki, o nazirlik nə vaxt bir məmurunu səlahiyyətləndirəcək ki, bir aydan sonra məhkəməyə gedəcək və o blok məhkəmə qərarı ilə qüvvədə qalacaq. Bu rəzalətdir. Azərbaycan mediasının inkişafından danışırıqsa, onlayn medianın üzərinə gətirilən bu örtük aradan qalxmalıdır. Bu il Azərbaycan da internet media azad olmayan ölkələr sırasına daxil olub. Dünya sıralamasında 166-cı yerə düşmüşük 180 ölkə içərisində”.

“Turan” İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev ənənəvi, keyfiyyətli medianın sıradan çıxarıldığını bildirib:

“Biz görürük ki, informasiya məkanında daha çox böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılması çox böyük bir savaş tribunasına çevrilib. Bu çox böyük bir fəsadlar yaradır, proseslər getdikcə dərinləşir. Bu prosesi idarə edən, yuxarıda oturan müəyyən məmurlardır, gələcəkdə bunun böyük fəsadları yaranacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun