"Mən cinayət törətməmişəm. Ona görə peşmançılıq, səmimi etiraf da ola bilməz. Sonra yazırlar ki, guya dövlətçilik əleyhinə təbliğata meylliyəm. Azərbaycanın dövlətçiliyi əleyhinə olan Ermənistandır. Mən də dövlətçilikdən ötrü ermənilərə qarşı vuruşanda yorğan altında gizlənənlər indi bizə böhtan atır".
Bu sözləri AXCP sədrinin həbsdə olan müşaviri, Qarabağ əlili Asif Yusifli məhkəmədə deyib.
A.Yusiflinin 5 il həbs cəzası 4 aydan sonra bitir. O, vaxtından əvvəl buraxılmaqdan ötrü ərizə versə də, Suraxanı Rayon Məhkəməsi bu ilin mayında "yox" demişdi. A.Yusifli həmin qərardan apellyasiya şikayəti verib.
"Dedi ki, yuxarıdan belə göstəriş gəlib"
Azadlıq Radiosunun məlumatına görə, iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində bu şikayətə baxılıb.
A.Yusifli deyir ki, məhkəmə onu həbsdən buraxmamağa əsas kimi, ötən ilin oktyabrında 16 saylı Cəzaçəkmə Müəssisəsində verilən töhməti göstərib:
"Müəssisədə Məmməd İbrahimin yatağına bıçaq qoyulub, yeni cinayət işi başlanandan sonra oradakı siyasi məhbusların hamısına töhmət verildi. Əvvəl Əfqan Muxtarlıya verilmişdi. Sonra rəis məni çağırıb dedi ki, yuxarıdan göstəriş gəlib, sənə də cəza verilməlidir".
A.Yusiflinin sözlərinə görə, qərarda onu xarakterizə edən mənfi hallardan biri kimi, cəzaçəkmə müəssisəsində təhsilini davam etdirməməsi də göstərilib. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini, daim öz üzərində çalışdığını əsas gətirərək, buna ehtiyac duymadığını deyir:
"Mən ərizə verəndə cəzamın bitməsinə 5 ay qalmışdı, indi 4 ay qalıb. Bununla belə, yenə də buraxmaq istəmirlər. Əlbəttə ki, siyasi sifariş belədir".
16 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi A.Yusifli haqqında verdikləri mənfi rəyi müdafiə edib.
Prokuror da onun vaxtından əvvəl azadlığa buraxılmasının əleyhinə olub.
Hakimlər təxminən ikidəqiqəlik məşvərətdən sonra əvvəlki qərarın dəyişdirilmədiyini açıqlayıblar.
XatırlatmaA.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.
İttihamda yazılıb ki, zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.
Məhkəmə zamanı R.Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. F. Zülfüqarova da ziyanın ona ödənilməsinə dair şikayətindən imtina edib.
A.Yusifli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.
Üzvü olduğu AXCP bəyan edib ki, A.Yusiflinin həbsinin gerçək səbəbi özü kimi Qarabağ qazisi olan Zaur Həsənovun intihar həddinə çatdırılmasına etirazı olub. Z.Həsənov deputat Səttar Mehbalıyevin hərəkətlərinə etiraz olaraq, onun rəhbəri olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə özünü yandırıb. Z.Həsənov xəstəxanada vəfat edəndən sonra A.Yusifli Fəvvarələr meydanında etiraz aksiyası keçirib.