Ermənistanın sabiq prezidenti Robert Koçaryanı həbsdən azad edən hakim David Qriqoryanın səlahiyyətləri dayandırılıb.
RİA Novosti bildirir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası qərar verib.
May ayında Yerevan birinci instansiya şəhər məhkəməsinin hakimi D.Qriqoryan qondarma Dağlıq Qarabağ respublikası liderlərinin təlimatı ilə Koçaryanı həbsdən azad etmiş, işi Konstitusiya Məhkəməsinə göndərmişdi.
Amma Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezidentin azadlığa buraxılması ilə bağlı qərarı ləğv etdi.
Xüsusi İstintaq İdarəsinin mətbuat katibi Marina Ohancanyan isə bir az əvvəl bildirib ki, Qriqoryanla bağlı məhkəmə işi başladılıb və onun evində axtarış aparılıb.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdində ittiham olunur. Həmin hadisələr çərçivəsində 10 nəfər – 8 mülki şəxs və 2 polis əməkdaşı həlak olmuşdu.