Hökümət Bakıda daha bir tarixi binanı sökməyə hazırlaşır: 1890-cı ildə tikilib

Hökümət Bakıda daha bir tarixi binanı sökməyə hazırlaşır: 1890-cı ildə tikilib
29 İyul 2019
Mətni dəyiş

Bakının Yasamal rayonu Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən tarixi binanın sökülməsi gözlənir. Artıq bəzi sosial şəbəkə istifadəçiləri bununla bağlı narazılıqlarını da ifadə ediblər.

Amma Yasamal Rayon İcra Hakimiyyətindən Azadlıq Radiosuna bildirilib ki, binanın sökülməsi ilə bağlı elə sakinlər müraciət ediblər:

"Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 150 saylı ünvanda yerləşən yaşayış binası həqiqətən qəzalı vəziyyətdədir və bu binanın sökülməsi ilə bağlı sakinlərin Yasamal Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciəti olub".

Qurumdan bildiriblər ki, çoxsaylı xahişdən sonra İH aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlayıb və nəticədə binanın sökülməsinə qərar verilib.

Yasamal İH-dən onu da deyiblər ki, orada yaşayanların bir çoxu qaçqınlardır və onlar da binanın sökülməsini, sakinlərin yeni mənzillərlə təmin olunmalarını istəyirlər.

"Bu bina söküntü aparılan "Sovetski məhəlləsi" tərkibində olsa da, onun sökülməsi planı yox idi. Amma qəzalı vəziyyətdə olması bunu zərurətə çevirdi", - İH-dən belə deyiblər.

Adıçəkilən binanın 1890-cu ildə tikildiyi bildirilir, 5 korpusdan ibarətdir. Orada 50-dən çox ailə məskunlaşıb. Bina söküntüsü davam edən Bakının tarixi "Sovetski məhəlləsi" adlanan ərazisinə düşür. Amma verilən məlumata görə, sakinlər mənzillərin hər kvadratmetrinə təklif edilən 1500 manatı az sayaraq, daha yüksək kompensasiya istəyirlər.

Xatırladaq ki, Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun