Gürcüstanın məşhur kanalının hakimiyyətlə uzun mübarizəsinin bütün təfərrüatları. Yeni qərar kanalın uduzması deməkdirmi?
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın “Rustavi-2” teleşirkətinin işində insan haqları üzrə Konvensiyanın pozulmasına dair heç bir hal aşkarlamayıb. Strasburq məhkəməsi həmçinin Gürcüstan Ali Məhkəməsinin “Rustavi-2” ilə bağlı 2017-ci il qərarının həyata keçirilməsini qadağan edən müvəqqəti qətnaməni də qüvvədə saxlamayıb.
Bu o deməkdir ki, ölkənin ən iri müxalif kanalı olan “Rustavi-2” hhazırkı sahiblərinin əlindən çıxa və köhnə sahibinə – Gürcüstan hakimiyyətinə qarşı loyal mövqedə olan biznesmen Kibar Xalvaşiyə ötürülə bilər.
Jamnews-un məlumatına görə, müvafiq qərar iyulun 18-i Tbilisi vaxtı ilə 12:00-da elan edilib.
2020-ci il parlament seçkiləri ərəfəsində bu qərar ölkədəki siyasi vəziyyəti kökündən dəyişə bilər.
Şikayətin mahiyyəti nədir?
2012-ci ildə hakimiyyət dəyişəndən və “Gürcü arzusu” iqtidara gələndən sonra “Rustavi-2”-nin sahibləri arasında bitməz çəkişmə başladı. Bu gün telekanal uğrunda təsisçilər və ilk sahibkarlar David Dvali və Carci Akimidze ilə 2004-2006-cı illərdə telekanalın sahibi olmuş Kibar Xalvaşi mübarizə aparır.
Bu proses 2015-ci ildən kəskin fazasına keçib. O zaman məhkəmə “Rustavi-2”-nin əmlakına həbs qoymuşdu. Paralel olaraq məhkəmə çəkişmələri davam edirdi. 2015-ci ilin sonunda məhkəmə teleşirkəti Kibar Xalvaşiyə verib, daha sonra apellyasiya və Ali Məhkəmə də bu qərarı təsdiqləyib.
2004-2006-cı illərdə telekanalı idarə edən biznesmen Kibar Xalvaşi vaxtilə sahib olduğu payın ona geri qaytarılmasını istəyir. Xalvaşi bildirir ki, prezident Saakaşvili zamanında hakimiyyətin təzyiqi altında teleşirkəti güzəştə getməli olub.
Hakimiyyət bu prosesi “”fərdi şəxslər arasındakı mübahisə kimi təqdim etməyə çalışırdı. Baxmaraq ki, nə yerli, nə də beynəlxalq müşahidəçilər “fərdi şəxslər” arxasında hakimiyyətin dayandığına şübhə etmir, çünki hakimiyyət üçün reytinqli müxalif telekanalın mövcudluğu qətiyyən sərfəli deyil.
Gürcüstanda bütün məhkəmə instansiyaları teleşirkətin hazırkı sahibkarlarının haqlarının qanunsuz hesab edilməsi haqda qərarından sonra “Rustavi-2” AİHM-a müraciət edib.
Gürcüstanın Ali Məhkəməsi Kibar Xalvaşinin həqiqətən də aksiyalarını satmağa məcbur edildiyi qənaətinə gəlib və indi teleşirkətin satışı haqda müqavilə ləğv edilməlidir.
Amma Ali Məhkəmənin qərarı hələ də qüvvələ minməyib, çünki 2017-ci il martın 3-də Avropa İnsan Haqları Məhkəməsi hazırkı sahibkarların şikayətinə presedentsiz olaraq təcili şəkildə baxıb və Gürcüstan Ali Məhkəməsinin qərarının həyata keçirilməsini dayandıraq qərarı verib.
Həmin ilin noyabrında AİHM işi icraata götürüb və iyulun 18-də artıq həmin işlə bağlı qərar elan edilib.
Strasburq məhkəməsi teleşirkətin həqiqətdə kimə məxsus olması ilə bağlı münaqişəni həll etməklə səlahiyyətləndirilməyib. İddia ədalətli mühakimə haqqı, azad fikir ifadəsi ilə bağlı maddələr, hüquqlara münasibətdə məhdudiyyətlərdən istifadə həddi haqda maddə, həmçinin mülkiyyətin müdafiəsi haqda protokol əsasında tərtib edilib.
Yəni Avropa İnsan Haqları Məhkəməsi bu haqlardan birinin “Rustavi-2” telekanalına münasibətdə pozulub-pozulmadığını müəyyən etməli idi.
Strasburq məhkəməsinin “Rustavi-2” kanalına qarşı bu qərarına əsasən, bu haqlardan heç biri pozulmayıb. Həmçinin də ədalət mühakiməsi haqqı.
Nə olacaq?
Teleşirkət bu qərardan üç ay müddətində AİHM-nin Böyük Palatasına şikayət verə bilər. Əgər qərardan təyin olunmuş müddətdə şikayət verilməzsə, üç aydan sonra qüvvəyə minəcək.
Kibar Xalvaşiən azı üç ay müddətində teleşirkətin menecmentini dəyişə bilməz.
Amma Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bildirir ki, “Böyük Palatanın bu iddianı mütləq qəbul edəcəyi fakt deyil, çünki orada iddialar sərt ələmədən keçir və ola bilər ki, ümumiyyətlə qəbul etməsinlər”, – xüsusi brifinqdə Tsulukiani deyib.
Teleşirkətin hazırkı direktoru Nika Qvaramiya Strasburq məhkəməsinin qərarını “şok effektli” adlandırıb. O bildirib ki, teleşirkət məhkəmənin qərarından Böyük Palataya şikayət edəcək.
O, brifinqdə həmçinin öz müqaviləsini də göstərib. Orada qeyd olunub ki, 2019-cu il dekabrın 31-ə qədər iradəsinə zidd olaraq azad edilərsə, sahibkarlar ona böyük kompensasiya ödəməlidirlər. Kompensasiyanın məbləğini isə o bildirməyib.
Qvamariya deyib ki, yalnız o halda vəzifəsindən gedəcək ki, bunu teleşirkətin əməkdaşları istəsin.
Qvamariyanın sözlərinə görə, teleşirkətin hazırkı menecmentinin ən azı 5-6 ayı var ki, öz yerində qalsın, maksimum çox qalmaları isə Böyük Palatanın qərarından asılı olacaq.
“Mən, biz ən son ana qədər mübarizə aparacağıq. Bu mənim üçün ölüm-qalım məsələsidir” – Qvamariya deyib.
“Rustavi-2” – Gürcüstanın müasir media və siyasət səhnəsinin aparıcı fiquru
2019-cu il iyunun 1-də “Rustavi-2”-nin 25 yaşı tamam oldu. Telekanala qarşı hətta tənqidi mövqedə olan insanlar da onun Gürcüstanın müasir tarixində müstəsna rolunu etiraf edir.
Bu telekanalın sahibkarlıq tarixi uzun və dumanlıdır, çünki bir neçə il ərzində kanal dəfələrlə sahibini dəyişib.
"Beynəlxalq Şəffaflıq – Gürcüstan" qeyri-hökumət təşkilatının informasiyasına görə, 2004-cü ildən 2012-ci ilə qədər teleşirkət iyirmi dəfə sahibini dəyişib. Və hər bu cür dəyişiklik “bulanıq” hekayələrlə müşayiət olunur, odur ki, bu gün də bir çox suallar açıq qalır. Bütün bu sövdələşmələrin arxasında Saakaşvili rejimi dayanırdı.
“Qızılgül inqilabı zamanı “Rustavi-2” açıq şəkildə müxalifəti dəstəkləyib. Şevarnadzenin korrupsiyalaşmış dövründə teleşirkətin jurnalistləri məmurları ifşa edir, kəskin reportajlar yayımlayırdılar, heç bir qalmaqal onların obyektivindən yan ötmürdü. Telekanal hakimiyyətin rahatlığını pozurdu. Məhz bu səbəblə hakimiyyət dəfələrlə “Rustavi-2”-ni bağlamağa cəhd göstərmişdi.
Məhz həmin ərəfədə telekanal populyarlığının pik zirvəsinə çatmışdı. “Qalib xalqın televiziyası” – “qızılgül inqilabından” sonra onu belə adlandırırdılar. Jurnalistlər yoldan ötə bilmirdilər – insanlar onları addımbaşı saxlayır gördükləri işə görə təşəkkür edirdilər.
Hərçənd nəticədə telekanal üçün ağır günlər başladı. “Qızılgül inqilabı” nəticəsində formalaşan hakimiyyət ağrılı və populyar olmayan islahatlara başladı və güclü, tənqidi mövqeli media ona sərf etmirdi. Axırda ölkənin bütün aparıcı teleşirkətləri, o cümlədən də “Rustavi-2” Saakaşvili rejiminin nəzarəti altına keçdi.