Güneyli siyasi məhbus Siyamək Mirzayi 3 il həbsdən sonra Tehranın Evin həbsxanasından İranın şərq bölgələrinə sürgün edilib.
Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA xəbər agentliyi məlumat yayıb.
Yayımlanan məlumata görə, iyulun 28-də güneyli siyasi məhbus 3 illik həbs cəzasının sona çatmasının ardından bir illik məcburi sürgün həyatı keçirmək üçün İranın şərqi bölgələrində yerləşən Xorasan vilayətinin Qain şəhərinə göndərilib.
Məhkəmənin hökmü əsasında siyasi məhbus Təbəs şəhərində sürgünə məhkum edilsə də, naməlum səbəblərdən dolayı onun Qain şəhərinə göndərildiyi açıqlanıb.
Türk siyasi məhbusun 3 illik həbs müddəti iyunun 28-də sona çatsa da, qeyri-qanuni şəkildə onun azadlığından imtina edilmişdi. Beləliklə Mirzayi bir ay daha həbsdə saxlanılıb.
İyunun 26-da həbsxanadan Evin məhkəməsinə aparıldıqdan sonra Tehran Prokurorluğunun Evin həbsxanasındakı ofisi Siyamək Mirzayiyə qarşı “sistemə qarşı təbliğat aparmaq” ittihamı irəli sürərək, sərbəst buraxılmasına mane olmuşdu.
Siyamək Mirzayi iyulun 1-də ona qarşı yeni ittihamlara və vəsiqə qarışılığında azadlığına mane olmaq üçün etiraz olaraq aclıq aksiyasına başlamışdı.
O, Evin həbsxanasının 6-cı şöbəsinin prokurorluq müstəntiqi tərəfindən yeni ittihamları üzrə vəsiqə qərarı qəbul etdiyini bildirdikdən sonra 17 günlük aclıq aksiyasına son vermişdi.
Siyasi məhbusun ailəsindən telefon zəngi vasitəsi ilə iyulun 20-də mülki vəsiqə buraxmaq üçün məhkəmədə hazır olmaqları istənilmişdi.
Yayımlanan məlumata görə, siyasi məhbusun ailəsi məhkəmənin bu qərarından bir gün əvvəl prokurorluğa müraciət edərək, mülki vəsiqə qarşılığında müvəqqət olaraq sərbəst buraxılmasını istəmişdi, ancaq məhkəmə türk fəalın azadlığına icazə verməmişdi.
2016-cı il iyulun 13-də türk fəal Siyamək Mirzayi Muğanın Parsabad şəhərində məhkəmə qərarı göstərilmədən tutulub, Tehranın Evin həbsxanasına nəql edilmişdi.
“Daxili təhlükəsizliyə qarşı qruplara üzv olmaq” ittihamı ilə o, üç il həbsə və bir il İranın mərkəzində yerləşən Yəzd vilayətinin Təbəs şəhərində sürgün həyatı keçirməyə məhkum edilmişdi.
Siyamək Mirzayi 2010-cu ildə siyasi fəaliyyətlərindən dolayı magistr dərəcəsində ali təhsildən məhrum edilmişdi.