İyulun 2-də Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) media nümayəndələri və ictimaiyyət üçün mətbuat konfransı keçirib.
Tədbirdə maraqlı məqamlardan biri də jurnalistin Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı məsələyə toxunmaması, mətbuat nümayəndələrinin bu barədə suallarına cavab verməkdən yayınması ilə bağlı olub.
Jurnalist həbsi, onun səbəbləri, baş verənlər və Azərbaycanla bağlı bir sıra suallara cavab verib. F.Abbasov həbsindən sonra baş verənlərdən danışıb və mətbuat nümayəndələrinin suallarına cavab verib.
“Mən böyük bir sevinclə onu dilə gətirmək istəyirəm ki, jurnalist Fuad Abbasovun azadlığa çıxarılması üçün Azərbaycan dövlətinin Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyi nota Rusiyada yaşayan azərbaycanlılar tərəfindən küçələrdə etiraz aksiyalarına səbəb oldu".
Jurnalistin sözlərinə görə, ona məlumat çatdırıblar ki, müasir Rusiya Azərbaycan tarixində səfirlik öz səlahiyyətlərini aşaraq bir Azərbaycan vətəndaşının haqlarını qorumaq üçün Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
"Azərbaycan Respublikasının Moskva şəhərindəki konsulluq şöbəsinin əməkdaşlarına, eləcə də səfir Polad Bülbüloğluna buradan təşəkkürlərimi bildirirəm. Çünki onlar heç məndən də soruşmadan, ailəmdən də soruşmadan öz xətti ilə gəlib mənim orada olduğumu bildilər, gəlib mənə sahib çıxdılar".
F.Abbasov bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların Rusiyanın dövlət səviyyəsində hüquq–mühafizə orqanlarına təsir göstərməyə heç bir şansı, imkanı yoxdur.
"Bunu bizim düşmənlərimiz sifariş edib. Düşmənlərimizə qarşı etdiyim çıxışlardan sonra hər dəfə hədə-qorxu gələrək “biz səni tutduracağıq, sən Rusiyada millətlərarası münaqişə yaradırsan”. Dövlət səviyyəsində hər hansı bir görüşməyə gəldikdə isə, nə Azərbaycan Diaspora Komitəsi, nə də digər dövlət orqanları ilə hər hansı bir görüşmə olmayıb. Sadəcə olaraq Mətbuat Şurasının rəhbərliyinə öz minnətdarlığımı bildirmək üçün görüşmə keçirmişəm".
Jurnalistin sözlərinə görə, həbsdə olduğu dövrdə Mətbuat Şurası rəhbərliyi Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyova bir etiraz məktubu göndərib.
"Tələb olunub ki, azərbaycanlı jurnalist Fuad Abbasova sahib çıxaraq azadlığa buraxılmsını təmin edin. Mən təcridxanada saxlanıldığım sırada Rusiya İnsan Haqları komitəsindən Tatyana Maskalkova tərəfindən yanıma adam göndərildi və mənə dedilər ki, “biz Elmira Süleymanovanın təkidi üzərinə buraya gəlmişik və sənin burada necə, hansı şərtlərdə saxlanıldığını, təzyiq olub olmadığını görmək üçün gəlmişik. Fürsətdən istifadə edərək Elmira Süleymanovaya təşəkkürümü bildirirəm".
Fuad Abbasov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə də təşəkkürünü bildirib.
"O, öz bəyanatı ilə Rusiyanın dini rəhbərliyinə müraciət edərək Rusiyada azərbaycanlıların və qardaş Türkiyə xalqının müdafiəsini aparan jurnalist Fuad Abbasovun azadlığa çıxması üçün tələb etmişdi, ona da öz təşəkkürümü bildirirəm".
Jurnalist bundan sonra adlarını tam xatırlamadığı millət vəkillərinə təşəkkürünü bildirib.
"Adlarını tam xatırlamıram, amma bilirəm ki, millət məclisində, sosial şəbəkələrdəki çıxışlarında Rusiya dövlətinə ultimatum göndərərək, Rusiyada yaşayan Azərbaycan vətəndaşı, jurnalistin sərbəst buraxılması üçün tələblər etmişdilər. Şükür allaha ki, mən bu gün buradayam, vətənimdəyəm. Mənim arzum, istəyim öz fəaliyyətimə “Misra TV” olaraq davam eləmək, internet olan hər hansı bir məkandan mən öz fəaliyyətimə davam edəcəyəm".
Kanal13-un jurnalisti Fuad Abbasova Mətbuat Şurası ilə bağlı sual verib və soruşub ki, Azərbaycandakı jurnalistlərin həbsinə sakit duran Mətbuat Şurası ilə görüşü hansı zərurətdən yaranıb.
"21 il idi Rusiyada yaşayırdım, ordan Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəmirdim, bunu jurnalist etikasına da yaraşdırmırdım".
Jurnalist bildirib ki, indi sadəcə bir həftədir Azərbaycanda yaşayır və bu bir həftə onun Rusiyadan Azərbaycana gəldiyi ən uzun tətildir, bundan əvvəl iki-üç günlük gəlib-qayıdıb.
"Yaşayarıq, görərik. Əgər mənim də fəaliyyətimə məhdudiyyət gətirilsə, fiziki zorakılıq olsa, kameralarım sınsa, bunu siz də görəcəksiniz, biz bunu ictimailəşdirib deyərik".