Ermənistan Qarabağa 150 km-lik yeni yol çəkir

Ermənistan Qarabağa 150 km-lik yeni yol çəkir
26 İyul 2019
Mətni dəyiş

Ermənistan Qarabağa yeni - 3-cü yol çəkmək fikrindədir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 23-də Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Armen Qriqoryanın sözlərinə görə, bu məqsədlə bu yaxınlarda Xankəndinə gedib, yeni yol da daxil olmaqla strateji infrastruktur layihələrini müzakirə ediblər.

Qriqoyan bildirib ki, artıq 2020-ci ildə 150 kilometrədək yeni yolun çəkilişinə başlamaq planlaşdırılır. Plana əsasən bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir.

Qeyd edək ki, Hazırda Ermənistanla Qarabağı Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçən iki yol birləşdirir.

Bu məlumatı Qarabağdakı separatçı rejimin sözçüsü David Babayan da təsdiqləyib. O deyib ki, əgər 2020-ci ildə çəkilişə başlasalar, yol 2-3 ilə hazır ola bilər.

Ermənistanın ərazi-idarəetmə və infrastruktur nazirliyi isə bildirib ki, bu layihə hələ ki, ideya şəklindədir və əlavə məlumat verə bilmirlər.

Ermənistanın müdafiə nazirliyinin sözçüsü Artsurun Ovannisyan deyir ki, hazırda mövcud olan Qafan-Qarabağ yolu çox pis vəziyyətdə olduğundan nazirlik ondan yalnız hərbi məqsədlər üçün istifadə edir.

Ermənistanlı politoloq Akov Badalyansa deyir ki, yeni yol İranla əlaqə, həmçinin həmin ərazidə əhalinin yerləşdirilməsi baxımından da çox vacib layihədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun