İyulun 10-da Londonda Böyük Britaniya və Kanada hökumətlərinin təşkilatçılığı ilə iki günlük Qlobal Media Azadlığı konfransı baş tutub.
Tədbirin ikinci günündə media azadlığının vacibliyi, hakimiyyətlərin media azadlığını qorumasının yolları, azad medianın çətinlikləri, dezinformasiyanın qarşısının alınması yolları kimi mövzular müzakirə olunub.
Bu barədə konfransda iştirak edən Turan agentliyinin müxbiri xəbər verib.
Konfransın leytmotivi bütün dünyada media azadlığının təbliğidir, çünki bu, hər ölkənin iqtisadi inkişafının, sosial rifahının mühüm tərkib hissəsidir.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən bir çox beynəlxalq təşkilatların rəhbərləri, hökümət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirlər.
Konfransda insan haqları üzrə vəkil Amal Kluni söz azadlığını pozan dövlətlərə qarşı sanksiyaların təyini və davamlı tədbiq edilməsini, sığınacaq istəyən jurnalistlər üçün viza sisteminin, söz azadlığı üçün qanunvericilik modelinin tədbiqini təklif etdi.
Tədbirin digər iştirakçıları bildirdlər ki, söz azadlığı olan ölkələrin xəritəsi getdikcə qaralır və dünya əhalisinin yalnız 9% yaxşı mətbuat azadlığı mühiti olan ölkələrdə yaşayır.
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) bildirib ki, Böyük Britaniya digər hökümətlərlə birgə gənc demokratiyalara KİV azadlığına görə öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirməsində dəstək mqsədilə hədəf qrupu yaradır.
"Bizdə Böyük Britaniyada jurnalistlərin təhlükəsizliyi üzrə milli fəaliyyət planı var. Biz öz təcrübəmizlə bölüşməyə hazırıq", - deyə Hant bildirib.