2019-cu il yulun 27-si axşam saatlarında sərhəd pozucuları ilə Azərbaycan sərhədçiləri arasında atışma olub. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2019-cu il iyulun 28-də yaydığı məlumatda yazılır.
Məlumata görə, insident "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.
Məlumatda deyilir ki,insidentin baş verməsinə səbəb sərhəd pozucularının dövlət sərhədini pozaraq ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd etmələri olub.
"Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınmışdır. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilmişdir.Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanmışdır. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunmuşdur, hazırda vəziyyəti qənaətbəxşdir", məlumatda belə deyilir.
Məlumatda vurğulanır ki, sərhəd pozucuları geri qaçmışlar: "Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur".
Məlumata görə, Azərbaycan və İran sərhədçiləri hadisə yerinə birgə baxış keçirib, narkotik vasitələr və digər əşyalar İran tərəfə təqdim olunub, sərhəd pozucularının cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.
Məlumatda deyilir ki, Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür, fakt üzrə cinayət işi başlanıb.