31 İyul 2019
Mətni dəyiş
Çin Sintzyan Uyğur muxtar vilayətində qurulmuş yenidən tərbiyələndirmə - konsentrasiya düşərgələrində saxlanılan uğyurların çoxunu azad etdiyini bildirib. Paytaxt Pekində jurnalistlər üçün mətbuat konfransı keçirən Sintzyan Uyğur vilayətinin rəhbərinin köməkçisi Alken Tuniaz deyib ki, "Tərbiyələndirmə kurslarını keçən insanların çoxu cəmiyyətə, öz evlərinə qayıdıblar". Tuniaz ümumilikdə neçə nəfərin düşərgələrdən buraxıldığını deməsə də, çoxunun artıq iş tapdıqlarını deyib.
Sintzyan Uyğur muxtar Vilayətinin rəhbəri Şöhrət Zakir də deyib ki, azad buraxılanların 90 faizindən çoxu arzuladıqları işləri tapıblar və yenidən tərbiyələndirmə düşərgələri bu mənada da təsirli olub.
Şöhrət Zakir düşərgələrdə uyğurlara çin hüququ, çin dilinin mandarin ləhcəsi, dinlərin həqiqi mənası kimi sahələrdə təhsil verildiyini, vətəndaşlara normal dini ənənələri necə hüquqi yollarla qoruya biləcəklərini öyrədildiyini deyib.
Qeyd edək ki, yenidən tərbiyələndirmə düşərgələrinə düşmüş insanlar zaman-zaman beynəlxalq mediaya müsahibə verib, ordakı durumdan danışıblar. Onların əksəriyyəti dini inanclarına görə düşərgələrə salındıqlarını deyiblər. Bu düşərgələrin birində qalmış miliyyətcə qazax olan biznesmen fransız xəbər agentliyi AFP-yə verdiyi müsahibədə deyib ki, bu düşərgələrdə əsas məqsəd saxlanılanların dinlərini dəyişdirməsinə çalışmaqdır. Biznesmen düşərgələrdə donuz əti yeməyənlərin və hər səhər millətçi mahnılar oxumayanların zorakılığa məruz qaldığını deyib.
Beynəlxalq insan hüquqları təşkilatları uyğur və digər müsəlman etnik azlıqlardan olan bir milyondan çox insanın Sintzyan uyğur muxtar vilayətində salınmış düşərgələrə həbs olunduğunu və orda dinlərindən, dillərindən, mədəniyyətlərindən imtina etməyə məcbur edilirlər. Rəsmi Pekin bu iddiaları rədd edərək düşərgələrin islami radikalizmlər mübarizə aparmaq üçün təhsil və tərbiyələndirmə mərkəzləri olduğunu bəyan edir.