Guya əvvəldən vardı hüsnü-camalı, indi olub dəli Bayraməli
Atalar məsəli
Belə bir məlumat oxudum: “2006-cı ildən bəri, yalnız dövlət büdcəsindən tikinti məqsədləri üçün 62.5 milyard manat vəsait ayrılıb”.
62,5 milyard manat heç də az pul deyil. Səliqəylə, ağılla, zövqlə xərclənsəydi bu pulla nə qədər faydalı işlər görmək olardı. Amma gəlin əyri oturaq, düz danışaq. Hökumətin tikintiyə bu qədər vəsait xərcləməsində azərbaycanlıların həyat tərzinə yad olan nəsə qeyri-adi bir şey varmı? Bəyəm azərbaycanlıların həyatı daşdan, qumdan, betondan, sementdən, armaturdan, taxta-şalbandan, dəfələrlə tikməkdən və dəfələrlə sökməkdən, dəfələrlə sökməkdən və dəfələrlə tikməkdən ibarət deyilmi?
Azərbaycanda çox yerlərdə yaşamışam. Harda yaşamışamsa qonşu evlərdən birində təmir-tikinti işlərinin getdiyinin şahidi olmuşam. Azərbaycanda çəkic, balta, mişar, drel səsi gəlməyən küçə, məhəllə, həyət, bina tapmaq müşkül məsələdir. Başını qollarının üstünə qoyub, gözlərini yumub bir az tarixin gedişatı, həyat, ədəbiyyat və əbədiyyət haqqında düşünmək istəyirsən, lakin buna imkan vermirlər. Kimsə çəkiclə haranısa döyəcləyir, kimsə harasa mismar vurur, kimsə nəyisə kəsir, doğrayır, kimsə nəyisə drellə deşir, kimsə haranısa qazır… Niyə bu adamlar sakit oturmurlar? Elə bil hansısa sirli bir qüvvə, bəlkə də təmir-tikinti allahı bu adamların sakit oturmasına icazə vermir.
Bu vaxta qədər xeyli sayda müxtəlif cür adamlardan ev tikmək barədə məsləhətlər, öyüdlər və tövsiyələr eşitməli olmuşam. Demişəm ev tikməyə vaxtım, enerjim, həvəsim, umumiyyətlə imkanım yoxdur. Heç bir izah, şərh, arqument onları qane etməyib. Ən nəhayətdə deyiblər ki, apar harasa bir maşın kubik tök, sonra imkan olduqca yavaş-yavaş tikməyə başlayarsan. Yavaş-yavaş tikmək isə əslində ömür boyu , qəbirə qədər tikintiylə məşğul olmaq deməkdir.
Folkner Kamyu haqqında yazırdı: “Həyat qapısı onun arxasınca əbədilik örtüləndə o, zəifləməkdə olan əliylə bu qapının üzərində “Mən bu dünyada olmuşam” sözlərini həkk etməyə macal tapdı. Hər bir sənətkar kimi o da ömrü boyu buna can atmışdı. Və ola bilsin ki, həmin ölüm anında Kamyu özünün ən böyük arzusunun çin olduğunu anlamışdı. Sənətkar üçün bundan yaxşı nə arzulamaq olar?”
Hərdən düşünürəm ki, azərbaycanlılar harasa bir maşın kubik tökməklə “mən bu dünyada olmuşam” mesajı vermək istəyirlər. Əgər sən harasa bir maşın kubik tökməmisənsə nə etsən də, hansı əməlləri törətsən də, lap “Hərb və sülh”, “Sehrli dağ” səviyyəsində əsər yazsan da “bu dünyada olduğunu” onlara sübut edə bilməzsən.
Azərbaycanlılar tikintisiz yaşaya bilmirlər. Tikmək və sökmək, sökmək və tikmək azərbaycanlıların həyat fəlsəfəsidir. Azərbaycanda milyonlarla insan bütün ömrünü daşa, quma, taxta-şalbana, armatura, betona xərcləyib və hələ də xərcləməkdədir. Şəxsən mən bütün ömrünü daşa, quma, betona, sementə və digər tikinti materiallarına xərcləyən, ruhu bədənindən çıxana qədər ev tikən, ev təmir edən yüzlərlə insan görmüşəm. Bəs yaxşı xalqımızın tikməyə və sökməyə, sökməyə və tikməyə qarşı bu manyakca hərisliyinin səbəbi nədir? Nəyə görə azərbaycanlılar daşsız, qumsuz, betonsuz, sementsiz, taxta-şalbansız yaşaya bilmirlər?
Məncə azərbaycanlılar həyatlarındakı boşluğu, mənasızlığı tikməklə və sökməklə doldurmaq istəyirlər. İşin ən pis tərəfi ondan ibarətdir ki, onlar nə qədər tiksələr də, nə qədər söksələr də ortaya normal, ürəyəyatan məhsul qoya bilmirlər. Bunun da öz növbəsində sadə bir səbəbi vardır. Zövq yoxdur. Zövqsüz adam nə qədər tiksə də, nə qədər söksə də əlbəttə ortaya normal məhsul qoya bilməyəcək. Bu mənada hökumətin 2006–cı ildən bəri yalnız dövlət büdcəsindən tikintiyə 62,5 milyard manat vəsait ayırmasında qeyri-adi, mat qalınası heç nə yoxdur. YAP hakimiyyətinin siyasəti azərbaycanlıların həyat tərzinə tam uyğundur.
Azərbaycan tarixində YAP hakimiyyəti qədər azərbaycanlıların təbiətinə, mahiyyətinə, həyat fəlsəfələrinə tam uyğun gələn hakimiyyət olmayıb. YAP hakimiyyəti azərbaycanlılar üçün çox doğmadır! YAP hakimiyyətinə qarşı müxalif mövqedə dayanan adamlar hakimiyyətin korrupsiya əməlləri haqqında nə qədər çox danışırlarsa, xalqın hakimiyyətə rəğbəti və heyranlığı daha da artır. Hakimiyyətin korrupsiya əməlləri haqqında danışmaq, bu barədə ortaya faktlar qoymaq tamamilə səhv taktikadır. Azərbaycanlılar oğurlamaq imkanı varkən oğurlamayan adama əfəl, axmaq, debil kimi baxırlar. Çörçil deyirdi ki, vəziyyətə düzgün ad qoymaq, vəziyyəti dəyişməyin yarısı deməkdir. Əgər müxalifət xalqın rəğbətini qazanmaq istəyirsə, xalqla açıq danışmalıdır.
Müxalifət açıq şəkildə xalqa deməlidir ki, bunlar yaxşı oğurlaya bilmirlər, biz gəlsək daha yaxşı oğurlayacağıq. Yalnız bu şəkildə xalqla açıq danışmaqla müxalifət xalqın diqqətini özünə cəlb edə bilər. Zarafat etmirəm. Sözlərimi zarafat kimi qəbul etməyin. Pis çıxmasın mən hansısa nəticəyə elə-belə, havadan-sudan gəlmirəm. Onlarla, yüzlərlə, bəzən minlərlə həyat hadisələrini analiz etdikdən sonra hər hansı nəticəyə gəlirəm.
YAP hakimiyyəti nə edir? YAP hakimiyyəti azərbaycanlıların böyük əksəriyyətinin ürəyində fırlanan arzuları həyata keçirir. Hakimiyyət nümayəndələri “hakimiyyətlə xalqın arasına heç kim girə bilməz” sözünü deyəndə onların sözünü qəribliyə salmaq lazım deyil. Bu, mütləq həqiqətdir. Bu həqiqəti qəbul edə bilməyən, qəbul etmək istəməyən şəxslər xahiş edirəm bir suala cavab versinlər. Azərbaycanda görəsən nə qədər ata, nə qədər ana, nə qədər baba, nə qədər nənə öz övladlarına, nəvələrinə deyir ki, a bala oğurluq etmə, rüşvət alma, yaltaqlanma, ədalətli ol, haqqı nahaqqın ayağına vermə…
Böyük əksəriyyət oğurlamaq, rüşvət almaq, yaltaqlanmaq üçün fürsət axtarırsa, oğurlamağa, rüşvət almağa, yaltaqlanmağa norma, hətta zərurət kimi baxırsa, oğurlamaq və rüşvət almaq imkanı olanları həyatda, cəmiyyətdə uğur qazanmış adamlar kimi qəbul edirsə, bəs ölkə necə dəyişə, necə düzələ bilər? Bu prosesi necə təsəvvür edirsiniz?
Bu mənada Azərbaycanda doğrudan da hakimiyyətin mənbəyi xalqdır. YAP hakimiyyəti azərbaycanlıların özüdür. YAP hakimiyyəti azərbaycanlıların təbiətinin və mahiyyətinin təzahürüdür.
Seymur Baycan Azlogos