Bu gün, iyulun 29-da Bakıda "Qış parkı" deyilən ərazidə Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənova azadlıq tələbi ilə aksiya keçirilib.
10 nəfərə yaxın aksiya iştirakçısı əllərində A.Həsənovun şəkillərini tutaraq, "Azad Həsənova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" və "İstefa" şüarları səsləndiriblər.
Şüarların səslənməsindən təxminən 10 dəqiqədən sonra əraziyə cəlb edilən polis qüvvələri aksiya iştirakçılarının əlindən şəkilləri alaraq, onları dağıdıblar.
Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Elman Quliyevin, partiyanın üzvlərindən Əlikram Xurşudovun, Tahir Axundovun və daha bir neçə şəxsin saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıldıqları bildirilir.
21-ci Polis Bölməsindən 'Turan' agentliyinə isə bu məsələ ilə bağlı məlumatları olmadığını bildiriblər. Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.
Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.