İyulun 27-də Bakı İstintaq Təcridxanasında saxlanılan Müsavat Partiyasının üzvü Azad Həsənov evə zəng vuraraq aclıq aksiyasını hüşunu itirənə qədər davam edəcəyini bildirib.
Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Müstafa Hacıbəyli bildirib ki, Həsənov istintaq təcridxanasının sanitar hissəsinə köçürülüb.
"Azad artıq 6 gündür aclıq edir. Ona görə də vəziyyəti pisləşib və həkimin müayinəsindən sonra o, bu gün sanitar hissəsinə köçürülüb".
Hacıbəyli əlavə etdi ki, Həsənovun sözlərinə görə, saxlandığı müəssisəsinin rəhbərliyi aclıq aksiyasını dayandırması üçün ona təzyiq edir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı dəqiqləşdirmə aparandan sonra əlaqə saxlayacağını Turan-a bildirsə də, zənglərə cavab verməyib.
Azad Həsənov aclıq aksiyasını ona qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesinin onun fikrincə süni uzadılmasına etiraz olaraq elan edib.
Azad Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib.
Son məhkəmə proseslərində bildirilir ki, sorğuya cavab gəlməyib və beləcə, proses təxirə salınır:
İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən, hələ də cavab ala bilməyiblər.
Elə həmin iclasda da Azad Həsənov aclıq aksiyasına başlayacağnı elan edib.
Vəkil O. Kazımovun sözlərinə görə, iyulun 25-də gerçəkləşən görüşdə Azad Həsənovu halsız görüb və o, baş gicəllənməsindən şikayət edib.
Xatırlatma
Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.
Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.
Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Azad Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.
Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə, həbs olunmasına dair iddiaları qəbul etmirlər.
Bütün bu deyilənlərə Daxili İşlər Nazirliyindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.