Azərbaycanda media hüququ: Son 12 ayın tablosu

Azərbaycanda media hüququ: Son 12 ayın tablosu
23 İyul 2019
Mətni dəyiş

Media qanunvericiliyi – dəyişikliklər, qanunların işləyişi

Son 12 ayda media ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər nəzərə çarpmayıb. Bu zaman kəsiyində "İnformasiya əldə etmək haqqında" qanuna, eləcə də bu qanunla əlaqəli digər qanunvericilik aktlarına dəyişiklik nəzərə çarpır.

Ölkə parlamenti 2018-ci ilin yayında "İnformasiya əldə etmək haqqında" qanunun 30-cu maddəsinə dəyişiklik etdi. Dəyişiklikdə yazılırdı ki, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan məlumatların internetdə açıqlanması qaydasını Nazirlər Kabineti müəyyən edəcək. Qanuna edilmiş bu dəyişiklikdən 4 ay sonra, noyabrda Nazirlər Kabineti yeni qayda qəbul etdi. Bu qayda dövlət, habelə büdcədən pay alan başqa qurumların illik maliyyə fəaliyyəti haqqında bilgilərin onların saytlarında açıqlanmasının detallarına aydınlıq gətirir. Qaydanın aid edildiyi qurumlar illik maliyyə fəaliyyətləri, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları öz internet saytlarına yerləşdirməlidirlər. Qurumlar bunu hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq etməlidirlər.

Nazirlər Kabinetinin qəbul etdiyi bu qaydanın tətbiq edildiyi ilk ildə onun effektiv işlədiyini söyləmək olmur. İctimai informasiya sahibi olan qurumlar maliyyə bilgilərini təxminən 3 ay əvvəl öz saytlarına daxil etməli idilər. Dövlət qurumlarının bir qismi buna əməl edib. Onların içərisində Hesablama Palatası seçilir - bu qurum demək olar ki, tələb olunan bilgilərin hamısını öz saytı üzərindən yayıb. Maliyyə bilgilərinin bu qurumda olduğu səviyyədə açıqlığı başqa qurumların heç birində yoxdur. Açıqlanan bilgilərin əksəriyyəti ümumi məzmunludur, detalları ifadə etmir. Dövlət büdcəsindən pay alan medialar, media ilə əlaqəli quruluşlar da belə bilgiləri ictimaiyyətə açıqlamayıblar. İctimai Televiziya, AzTv, Azərtac maliyyə bilgilərini öz saytına hələ də daxil etməyib.

Mediaya, jurnalistlərə yardım edən qanunların işləməsindəki problemlərin aradan qaldırılması yubanmaqda davam edir. Jurnalsitlərin informasiya əldə etməsinə təkan verən hüquqi mexanizmlər illərdir ki, işə düşmür ki, düşmür. Söhbət İnzibati Xətalar Məcəlləsinin "Jurnalistlərin hüquqlarının pozulması (sorğuya cavab verməmək)" və "İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması" ilə bağlı məsələləri tənzimləyən maddələrindən gedir. Məcəllə jurnalist sorğusuna cavab verməməyə görə 200-500, informasiya əldə edilməsi qanunvericiliyinin pozulmasına görə isə 100 manatdan 1 500 manata qədər inzibati cərimə cəzası nəzərdə tutur.

Bu məcəllənin qüvvəyə minməsindən 3 ildən artıq vaxt keçsə də, jurnalistlərin işinə yarayan bu müddəaların işləmək mexanizmi mövcud deyil, yaradılmayıb. Maddələr var, icra mexanizmi mövcud deyil. Məcəllənin 43-cü maddəsində yazılır ki, məhkəmələr jurnalistlərlə əlaqəli 374, 382-ci (eləcə də digər) maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı isə jurnalistlərin yardımçısı ola biləcək maddələrdəki inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətini indiyə kimi heç kimə verməyib. Məsələn, yol hərəkəti ilə bağlı pozuntular üzrə səlahiyyət DİN-ə, teleradio qanunvericiliyi ilə bağlı pozutulara görə səlahiyyət MTRŞ-yə verilsə də, jurnalistlərlə əlaqəli 2 maddənin tətbiqi məsələləri unudulub.

Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə, belə əməllərə yol verənləri 500 manat cərimədən 1 il azadlıqdan məhrumetməyə qədər cinayət cəzası gözləyir. Bu müddəanın tətbiq edilməməsi təcrübəsi son 1 ildə də dəyişməyib. 2018-ci ilin sentyabrından prokurorluq qurumlarına jurnalistin qanuni peşə fəaliyyətinə mane olma olayı üzrə cinayət işi açılması üçün azı 20 müraciət olub. Jurnalistlər Sevinc Vaqifqızı, Ramin Deko, Aytac Əhmədova, Türkan Bəşirli, Təzəxan Mirələmli, Nurlan Qəhrəmanlı və digərləri peşə fəaliyyətlərini yerinə yetirərkən zorakılığa məruz qalıblar. Onların prokurorluğa müraciətləri üzrə bir dəfə də olsun cinayət işi açılmayıb.

Böhtan, təhqir, məhkəmə işləri, jurnalistlərə qarşı digər cinayət təqibləri

Böhtan və təhqirə görə məsuliyyət məsələsi öncə də qeyd etdiyimiz kimi hələ də Azərbaycanın cinayət qanunvericiliyi ilə düzənlənir. Hökumət son 12 ayda bu məsələ ilə bağlı mövqe ifadə etməyib. Daha əvvəllər cəmiyyətin böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvinə hazır olmaması mövqeyi ifadə olunmuşdu.

Bu sahəyə aidiyyatı olan gəlişmələrdən bəhs edərkən Azərbaycan prezidentinin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı xatırlatmaq yerinə düşər. Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılmüşdı ki, cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim etsin. Həmin 3 aylıq müddət başa çatıb, böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması məsəsləsi isə gündəmə gətirilməyib.

Son 12 ayda mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və xüsusi ittiham qaydasında şikayətlərdə xüsusi artıq nəzərə çarpmayıb. Ötən ilin yayından bu yana jurnalsitlər 11 dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilib. Həmin şikayətlər əsasında azadlıqdan məhrum etmə cəzası verilməyib. Şikayətlərin əksəriyyəti baxılmamış saxlanılıb. Böhtan və təhqirə görə, ümumilikdə 29 dəfə məhkəmlərə şikayət edilib.

Cinayət cəzası alan jurnalistlər

Yerli məhkəmələr 3 jurnalistə - Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə, criminal.az saytının baş redaktoru Anar Məmmədova, teref.info saytının redaktoru Nuraəddin İsmayılova cinayət cəzasıl veriblər. Hər 3 jurnalist 5 il 6 ay müddətinə çərti olaraq azadlıqdan məhrum ediliblər.

Cinayət cəzası alan jurnalistlər "hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə"də ittiham olunublar. Jurnalistlərə qarşı bu çağırışları öz saytlarına daxil etməklə vəzifə cinayətlərinə yol vermələri ittihamı da irəli sürülüb. Hər 3 jurnalistə qarşı irəli sürülmüş ittihamların yozumu budur ki, jurnalistlərin öz saytlarında yaydıqları bəzi məqalələr "hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsi"nə açıq çağırış məzmununda olub. Həmin məqalələri oxuyan bir neçə vətəndaş həyəcan keçirib və ya şoka düşüb və bundan prokurorluğa şikayətçi olublar.

Jurnalistlərin vəkillərinin bəyanatlarına görə, ittihamlar əsassız olub. Onların ittiham edildikləri yazıların əksəriyyəti başqa medialardan götrürülmüş yazılar olub. Yerli qanunvericilik belə yazıların yayılmasına görə məsuliyyətdən azad edir. Həm də mübahisəli yazılar ictimai müzakirələr kontekstində qələmə alınıb. Məhkəmələr 3 jurnalist barəsində hökm verərkən bu amillərin heç birini nəzərə almayıblar.

İnformasiya əldə etmək hüququ - məhkəmə işləri

Son 12 ayda jurnalistlər azı 13 dəfə informasiya əldə etmək hüququnun pozuntusu ilə bağlı məhkəməyə müraciət ediblər. Yerli məhkəmələr heç bir halda onların xeyinə qərar verməyiblər. Bu məhkəmə işlərinin yarıdan çoxunda iddiaçı Turan agentliyi olub. İnformasiya əldə edilməsi hüququnun pozuntusunu mübahisələndirən digər şəxslər müstəqil jurnalistlər olublar.

Məhkəmə mübahisəsinə səbəb olan informasioya sorğularında "İnformasiya əldə edilməsi haqqında" qanunla açıq elan edilən, saytlara daxil edilməli olan informasiyalar istənilib. Sorğuların göndərildiyi icra hakimiyyəti qurumları, açıq səhmdar cəmiyyətlər və məhkəmələr bu sorğularla istənilən informasiyaları təqdim etməkdən imtina ediblər. 13 məhkəmə araşdırması zamanı yalnız bir işdə cavabdeh istənilən informasiyanı sorğuçuya təqdim edib. Digər işlərdə isə məhkəmələr jurnalistlərin əlehinə qərar veriblər. Qərarların heç biri yerli qanunvericiliyə, özəlliklə "İnformasiya əldə edilməsi haqqında" qanuna uyğun olmayıb. Həmin işlər üzrə milli məhkəmə mübahisəsi davam edir.

Həbsdəki jurnalistlər

Bir il əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan çox idi. Ötən 12 ayda onlardan 4-ü azadlığa buraxılıb. Onlardan videobloqqer Mehman Hüseynov böhtana görə həbs edilmişdi. Jurnalistlər Fikrət Fərəməzoğlu, Nicat Əliyev və Rəşad Ramazanov da azadlığa buraxılanlar arasındadır.

Hazırda həbsdə azı 7 jurnalist var. Onlara qarşı irəli sürlümüş və yerli məhkəmələrin təsdiqlədiyi ittihamların heç biri onların peşə faəliyyətinə aid deyil. Ancaq həm vəkilləri, həm də vətəndaş cəmiyyəti qurumları jurnalsitlərin təqsirli bilindiyi ittihamların qurama olduğunu, məhz peşə fəaliyyətlərinə görə, həbs edildiyini açıqlayıblar.

Hazırda Azadlıq qəzetinin şərhçisi Seymur Həzi, həmin qəzetin əməkdaşları Elçin İsmayıllı, Ziya Əsədli, araşdırmaçı jurnalist Əfqan Muxtarlı, dini mövzularda yazan jurnalist Araz Quliyev həbsdədir. S. Həzi 2014, E.İsmayıllı, Z.Əsədli, Ə.Muxtarlı 2017, A.Quliyev isə 2012-ci ildən həbsdədir.

Son aylarda Azərbaycanda daha 2 jurnalist həbs edilib. Həmin jurnalistlər xeberman.com saytının rəhbəri Polad Aslanov və realliq.info saytının rəhbəri İkram Rəhimovdur.

P.Aslanov iyunun 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. DTX-nın açıqlamasına görə, baş redaktor dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanıb. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin materiallarına görə, jurnalist xarici ölkələrin sifarişi ilə Azərbaycanın dövlət orqanlarının fəaliyyətini gözdən salan məqalələr dərc edib yayıb. Jurnalist barəsində məhkəməyə qədər 4 aylıq həbs tədbiri seçilib. İttihamlar təsdiq edilsə journalistə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası verilə bilər. P.Aslanov vaxtaşırı DTX haqqında tənqidi məqalələr yazıb. Onun müdafiəçiləri həbsin bu yazılardan qaynaqlandığını açıqlayıblar.

Realliq.info saytının rəhbəri İkram Rəhimov isə Azərbaycan prezidentinin istimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov barəsində tənqidi yazıların, ona ünvanlanmış müraciətindən dərhal sonra həbs edilib. Həbs edilməsindən dərhal sonra jurnalsitin rəhbəri olduğu saytlar ölkə daxilində blok edilib. Onun müdafiəçiləri də jurnalistin həbsinin əsas səbəbinin tənqidi yazılar olduğunu bildirirlər.

ASTNA

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun