15 İyul 2019
Mətni dəyiş
İyulun 14-də Gürcüstan tərəfdən bir qrup şəxsin Azərbaycanın dövlət sərhəddini pozaraq Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları təhqir etməsi ilə bağlı bu gün Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb. Səfirdən məsələ ilə bağlı müvafiq izahat istənilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
"Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk", - bəyanatda bildirilir.
Azərbaycan XİN bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsini və XİN-in məlumatlandırılmasını Gürcüstan tərəfdən tələb edib, XİN-in məlumatında deyilir.