Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin fəalı Zamin Salayevin Avropa Məhkəməsinə göndərdiyi şikayətin itdiyi bildirilir.
Bu barədə müxalif fəalın hüquqlarını qoruyan Yalçın İmanov Azadlıq Radiosuna açıqlamasında deyib.
Hüquqşünas deyir ki, hüquqlarını müdafiə etdiyi başqa iki nəfərlə birlikdə Z.Salayevin də şikayətini iyulun 16-da Bakıda 173 saylı poçt şöbəsindən göndərib. O biri iki nəfərin şikayəti çatsa da, Z.Salayevin ərizəsi yoxa çıxıb:
“Elektron izləmə sistemində görünmür. Poçt şöbəsinə gedib dedim, təsdiqlədilər ki, o məktub barədə məlumat görünmür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Qaynar Xətt”inə - 169 Xidmətinə də məlumat vermişəm. Bildirdilər ki, araşdırılacaq”.
Şikayət Z.Salayevin haqqında 15 günlük inzibati həbs qərarındandır. Avropa Məhkəməsinə ünvanlanan ərizədə AXCP üzvü həbsinin qanunsuzluğundan və Salyan Rayon Polis Şöbəsində işgəncəyə məruz qalmasından şikayətlənib.
Y.İmanov bu şikayətin təsadüf, yaxud məsuliyyətsizlikdən itdiyini düşünmür. Onun fikrincə, Avropa Məhkəməsinə göndərilən şikayətlərin bir hissəsi seçmə üsuluyla, məqsədli şəkildə yoxa çıxarılır:
“AXCP üzvü Murad Ədilov haqqında hökmdən, REAL üzvü Rahim Şalıyev haqqında inzibati həbs qərarından göndərdiyim şikayətlər də itmişdi”.
Hüquqşünas Avropa Məhkəməsindən Azərbaycanda ərizəçiyə, onun vəkilinə göndərilən sənədlərin ünvanına çatmasında da problemlər yaşandığını söyləyir.
Xatırlatma
Son illər bir neçə vəkil Avropa Məhkəməsinə göndərilən məktubların poçtda itməsi barədə dəfələrlə açıqlama yayıb.
İddia edilir ki, Azərbaycan hökuməti özəlliklə işgəncə, pis rəftarla bağlı şikayətlərin Avropa Məhkəməsinə getməsinin qarşısını almaqdan ötrü belə əngəllər yaradır.
Amma bir müddət öncə “Azәrpoçt” MMC-dən oxşar şikayətlərdən biri ilə bağlı AzadlıqRadiosu-ndan verilən suala cavab olaraq demişdilər ki, belə hal hər bir ölkədə baş verə bilər: “İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da. Bu hal Amerikada da olur, Fransada da. Görünməmiş iş deyil”.