Avropa Məhkəməsi iyulun 11-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib.
Bu barədə hüquqşünas Xalid Ağəliyev məlumat yayıb. O bildirib ki, qərara əsasən, Azərbaycan hökuməti Bakı, İmişli və Sumqayıtdan 2010-cu ildə parlament seçkilərində iştiraka gec buraxılan şikayətçilərin hər birinə 7500 avro mənəvi təzminat ödəyəcək.
Bundan başqa şikayətçilərdən İ.Abdalovun vəkilinə 1.400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2.200 avro ödənilməlidir.
İş haqda – şikayətçilər İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlidir. Onlar Bakı, İmişli və Sumqayıtda 2010-cu ildə parlament seçkilərində iştiraka buraxılmamalarından şikayətçi idilər.
Hər 3 ərizəçi 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində iştirak etmək qərarı vermişdilər. Ancaq seçki komissiyaları onların topladığı seçici imzalarını saxta hesab etmiş, onların namizdliklərini irəli sürməsini əngəlləmişdi.
Məhkəməyə üz tutan iddialıların şikayəti təmin edilmiş, məhkəmə onların seçkiyə qatılmalı olmasına qərar vermişdi. Ancaq namizədlik sənədi onlara seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampaniya apara bilməmişdilər. Onların seçkilərin iddialı olduqları dairələrdə ertələnməsi tələbi isə rədd edilmişdi.
Şikayətçilər seçkilərdə iştirak etmiş, seçilə bilməmişdilər. Yekunda onlar seçki, səmərəli müdafiə vasitələri hüquqlarının pozuntusu iddiası ilə Avropa Məhkəməsinə şikayət etmişdilər.