Honq-Konqda Çin əleyhinə fəaliyyətdə şübhəli bilinən şəxslərin Çinə ekstradisiya edilməsini asanlaşdıran qanun layihəsinə kütləvi etirazlar davam edir.
Bir həftədir davam edən etirazlar, bazar günü də keçirilib. Qara paltarla etiraza çıxan insanlar cümə günü mitinqlərdə həyatını itirmiş bir etirazçının xatirəsini anmaq üçün əllərində ağ rəngli çiçəklər tutublar.
Bu haqda ingilis "Guardian" qəzeti xəbər yayıb.
Xüsusi inzibati ərazi olan Honq-Konqun rəhbəri Carrie Lam yeni qəbul ediləcək qanun layihəsinin etiraz yaratdığını deyərək, xalqdan üzr istəyib.
O bildirib ki, qanun layihəsindəki bəzi müddəalar xalqda inciklik yaradıb, buna görə də bundan sonra qanunla bağlı işlər görülərkən tənqidi fikirləri nəzərə alacaqlar.
Carrie Lam bir neçə gün öncə keçirdiyi mətbuat konfransında etirazlara səbəb olan qanun layihəsinin təxirə salındığını deyib.
Çinə bağlı xüsusi inzibati ərazi olan Honq-Konqda çin qanunları işləmir, bu bölgənin öz qanunverici və icraedici orqanları var.
Təqribən bir həftədir ki, burda keçirilən etiraz aksiyalarında 22-si polis olmaqla 80 nəfər yaralanıb. Bir nəfər aksiyaçı isə həyatını itirib.