Çinin Xincan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib. Bu barədə onun ailə üzvləri Amerikanın Səsi radiosuna bildiriblər.
Uyğurların yaşadığı Xincan bölgəsində tanınmış yazar olan 70 yaşlı Tohti keçən il dövlət rəsmiləri tərəfindən evindən aparılmış və "maarifləndirilmək" üçün qapalı nəzarət düşərgəsinə salınmışdı, məlumatı onun Kanadada sürgündə yaşayan ailə üzvləri veriblər.
Tohtinin nəvəsi Berna İlçi babasının hansı şərtlər daxilində öldüyünü bilmədiklərini deyib.
"Biz bu həftə babamın sosial mediada yayılan ölüm xəbərinin doğru olub-olmadığını öyrənmək üçün nənəmə zəng vurduq. Nənəm dedi ki, o, 11 gün əvvəl rəhmətə gedib", - Berna açıqlamasında deyib.
70 yaşlı Nurməhəmməd Tohtinin hansı şərtlər altında öldüyü məlum deyilB.İlçi bildirib ki, bilmirlər babası işgəncə ilə öldürülüb, yoxsa qapalı düşərgədə olarkən vaxtlı-vaxtında tibbi yardım göstərilmədiyinə görə keçinib.
"Həqiqət budur ki, onlar 70 yaşlı diabet və ürək xəstəliyi olan adamı qapalı düşərgəyə salıblar və bunu inkar edə bilməzlər", - Berna deyib.
Nurməhəmməd Tohti Çində qapalı nəzarət düşərgəsinə salınan ilk uyğur intellektual deyil.
İnsan haqları təşkilatlarının hesabatlarına görə, yüzlərlə uyğur jurnalist, tələbə və intellektual zorla Çinin dövlət nəzarətində olan qapalı konsentrasiya düşərgələrinə salınıblar.
Ekspertlər bunu Çinin zorakı assimilyasiya siyasəti kimi görürlər.