UEFA-nın sabiq prezidenti Mişel Platini iyunun 18-i səhər saatlarında polis tərəfindən saxlanılıb.
Beynəlxalq agentliklərin yaydığı məlumata görə, keçmiş prezident 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi zamanı üzə çıxan korrupsiya faktlarına görə təqsirli bilinir.
Həbs haqqında qərar iyunun 18-də çıxarılıb və dərhal icra edilib. Mişel Platini iyunun 18- səhər saatlarında Parisdə saxlanılıb və hazırda Nanterra polis şöbəsində nəzarət altındadır.
Araşdırma çərçivəsində Nikola Sarkozi hökumətində prezident katibliyinin rəhbəri və daxili işlər naziri olmuş Klod Qean da dindirilib.
2022-ci ildə dünya çempionatına ev sahibliyini Qətər dövləti etməlidir. Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin 2010-cu ilin dekabrında keçirilən iclasında qəbul edilib. Həmin iclasda 2018-ci il dünya çempionatının Rusiyada keçirilməsinə də qərar verilib.
Mişel Platini 2007-2015-ci illərdə UEFA-ya rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb.
Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.
Futbol üzrə dünya, qitə federasiyalarında korrupsiya hallarının araşdırılmasına ictimaiyyətə elan olunmuş şəkildə 2015-ci ildən başlanılıb.
Həmin il ABŞ-ın korrupsiyaya qarşı federal idarəsi beynəlxalq futbol federasiyası FIFA-nın sabiq yüksək rütbəli rəsmilərinə qarşı ciddi iddialarla çıxış edib.
İdarə 2018 və 2022-ci illərdə Dünya Kuboku uğrunda oyunların keçiriləcəyi ölkələri müəyyən edən rəsmilərlə bağlı İsveçrə rəsmilərinin ayrıca təhqiqatlar aparacağını elan edib.
2015-ci ilin mayın 27-də ABŞ və İsveçrə polisi FIFA-nin yeddi yüksək vəzifəli rəsmisini Sürixdə həbs edib.
Bundan sonra Sepp Blatter 29 may tarixində beşinci dəfə FİFA prezidenti seçilsə də korruspiya iddialarının ardından, 2 iyunda istefa verdiyini açıqlayıb.
Blatter 2011-ci ildə UEFA prezidenti Michel Platini-yə “etibarsız ödəmə” etməkdə də şübhəli bilinirdi.