Bəzilərinə görə, Britaniyanın Baş naziri Tereza Meyin istefası, ölkəni Aİ-dən çıxması ilə bağlı yorucu müzakirələrdən xilas edəcək bir addım ola bilər. Ancaq daha çox ehtimal var ki, onun gedişi zəifləmiş Britaniya siyasi sisteminə daha çox problem və xaos gətirəcək bir dövrün başlanğıcı olsun. Londonun sistemli tənəzzülə uğrayıb uğramadığını yaxın gələcək göstərəcək.
Bu mövzu ilə bağlı 'Washington Post' qəzetində "Tereza Meyin istefası Britaniya siyasətini yoluna qoya biləcəkmi? Buna bel bağlamaq olmaz" sərlövhəli maraqlı yazı dərc olunub.
Məqalədə deyilir ki, Mey üç il boyunca çarəsizcəsinə 2016-cı ilin iyun ayında keçirilmiş Avropa İttifaqından ayrılmağın tərəfdarı olanların cüzi fərqlə qazandığı Brexit referendumunun nəticələrini həyata keçirməyə çalışdı.
Keçmiş baş nazir xeyli səhvlər etdi, onun siyasi bacarıqları məhdud, rəqibləri isə amansız idi. Son olaraq, hakim partiyanın üzvlərinin səbri tükənəndə, Meyi istefaya verməyə məcbur etdilər. Ancaq onun istefası demək olar ki, heç nəyi həll etmir, bu, yalnız başqalarına Meyin bacarmadığını yerinə yetirmək imkanı verir.
Bəs sonra nə olacaq?
Xüsusi bir dəyişiklik baş verməyəcək. Bizləri, yekun tarix olaraq, 31 oktyabra təyin edilmiş – məhz həmin gün Böyük Britaniya qeyri-müəyyən şərtlər altında Aİ-dən ayrılmalıdır – Mühafizəkarlar Partiyasının yeni liderini və Böyük Britaniyanın baş nazirini seçmək uğrunda ənənəvi mübarizə və böyük ehtimal ki, Tori və Leyboristlər Partiyası koalisiyası üçün əsl sınaq olacaq ümumi seçki gözləyir.
Bəlkə də Mey Avropa Parlamentinə seçkilərin keçirildiyi bir vaxtda istefa verərək doğru qərar qəbul etmişdir. Bu seçkilər aparıcı partiyalar üçün ciddi uğursuzluqla nəticələnə bilər, xüsusilə də mühafizəkarlar üçün, bu da Naycel Faracın yeni qurduğu partiyası Brexitin nişanı altında geri qayıtması ilə izah olunur. Avropa Parlamenti seçkilərinin nəticələri bundan sonra nə baş verəcəyinin göstəricisi ola bilər.
Breksitin lehinə və Aİ üzvlüyünün əleyhinə çıxış edən, getdikcə güclənən bir partiyanın varlığı Mühafizəkarlar Partiyası daxilində daha da çox parçalanma təhlükəsi yaradır. Faracın partiyasının Avropa Parlamenti seçkilərində göstərdiyi nəticələrdən asılı olmayaraq, bu, Böyük Britaniyada Mühafizəkarlar Partiyasının gələcək inkişaf istiqaməti üçün mübarizədə ilk təkan olacaqdır. Qarşıdan gələn liderlik mübarizəsi partiyanın gələcək tərkibinin və daxilindəki ideoloji tarazlığın ilkin göstəricisi olacaqdır.
[caption id="attachment_79000" align="aligncenter" width="1024"] Boris Conson (Boris Johnson)[/caption]Mey hökuməti dövründə xarici işlər naziri vəzifəsini icra edən, Londonun keçmiş meri Boris Conson hazırda favorit hesab olunur. O, Brexit ekspressinə son anda atlayan, 2016-cı il kampaniyası zamanı Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasının ən məşhur tərəfdarlarından birinə çevrilmiş, kifayət qədər xarizmatik, lakin addımları öngörülməyən bir siyasətçidir.
Conson ziddiyyətli, eyni zamanda parlaq bir fiqurdur. Meyin gələcəyi artıq kifayət qədər dumanlı görünməyə başlayanda, əvvəlcə belə hiss olunurdu ki, Consonun partiya lideri seçilmək uğrunda mübarizəni qazanmaq şansı cüzidir. Ancaq bu gün o, seçicilər arasında ən qatı Brexit tərəfdarları tərəfindən dəstəklənən, Torini tamamilə parçalanmadan xilas edə biləcək ən yaxşı namizəd hesab olunur.
Mey iyunun 7-də səlahiyyətlərini təhvil verdi, lakin varisi seçilənədək onun fəaliyyəti davam edəcək. Conson partiya lideri uğrunda mübarizədə bütün sınaqlardan keçməlidir və onun kifayət qədər çox rəqibləri var.
Mühafizəkarlar Partiyasının üzvləri digər bir namizədi seçəcəkləri təqdirdə, koalisiyanın üzləşəcəyi potensial zərər ilə onların əksəriyyətinin əslində etibar etmədikləri birinə gələcəklərini təhvil verərək itirəcəkləri arasında seçim etməli olacaqlar. Bundan başqa, liderlik uğrunda mübarizədə Conson təkbaşına hər şeyi məhv etməyə tam qadirdir. Məsələ şəxsən ona gəldikdə hər şey mümkündür.
Belə görünür ki, Conson prezident Trampın mövqeyindən istifadə edir. ABŞ prezidenti ötən ilin yayında bu ölkəyə səfəri zamanı Britaniya siyasətində əsl fırtına qoparmışdı. Tramp Britaniya mətbuatına verdiyi müsahibədə bildirmişdir ki, onun fikrincə Consondan mükəmməl baş nazir olar. Bu müsahibə məhz Meyin möhtəşəm bir mərasimlə, rəsmi naharda Trumpı qəbul etdiyi bir vaxtda dərc olunmuşdu və bu, kəskin hiddətə səbəb olmuşdu, narazılıqlar yalnız növbəti gün prezidentin Meyin ünvanına təriflər yağdırmasından sonra sakitləşmişdi.
Lakin Brexit referendumunun nəticələrini tanıyan ABŞ prezidenti, eyni zamanda Breksit Partiyasının lideri Naycl Faraca da səmimi münasibət göstərir. Meyin rəsmi istefasından əvvəl Trump Böyük Britaniyaya rəsmi səfər edəcək və bir çoxları onun davranış və ifadələrində Mühafizəkarlar Partiyasında liderlik uğrunda mübarizənin iştirakçılarından hər hansı birinə qarşı qərəzli münasibət əlamətlərini aşkar etməyə çalışaraq bu səfəri yaxından izləyəcək.
[caption id="attachment_79001" align="aligncenter" width="1200"] Naycl Farac (Nigel Farage)[/caption]Liderlik postu uğrunda mübarizənin nəticəsindən asılı olmayaraq, gələcək baş nazir ölkəsinin Avropa Birliyindən çıxışını həyata keçirməlidir. Mey üç dəfə onun planını dəstəkləməsi üçün parlamenti razı salmağa cəhd etdi, amma hər dəfəsində müqavimətlə üzləşdi.
Baş nazir bu məsələni öz partiyasının daxilində həll etməyə çalışdı, burada da əngəllə rastlaşanda, Leyboristlər Partiyası və onun lideri Ceremi Korbin ilə partiyalar arası danışıqlar başlatdı. Əlbəttə ki, danışıqlar heç bir nəticə vermədi və o vaxtdan bəri də heç nə dəyişməyib.
Aİ liderləri yeni bir yekun müddət təyin ediblər – 31 oktyabr. Onu da vurğulayıblar ki, daha heç bir təxirə salma olmayacaq. Bu, "kəskin Brexitlə", yəni Avropa İttifaqından hər hansı bir plan olmadan çıxmaqla nəticələnə bilər. Mühafizəkarlar Partiyasının daxilində kəskin tədbirlərin tərəfdarı olanlar bu variantı dəstəkləyəcəklər. Onlar fikirlərini belə əsaslandırırlar ki, Böyük Britaniya öz taleyini özü təyin edə bilər və bunu da bacarmalıdır. Digərləri isə kifayət qədər başadüşülən səbəblərdən milli iqtisadiyyata və ölkənin dünyadakı mövqeyinə dəyəcək zərərdən narahatdırlar.
Yeni baş nazir bu məsələnin öhdəsindən gələ biləcəkmi?
Brexiti dəstəkləyən yeni lider də Meyin uğursuzluğuna gətirib çıxaran eyni fikir ayrılıqları ilə üzləşəcək. Partiya üzvlərinin əksəriyyətinin dəstəyini qazanmaq ümidilə mülayim mövqe seçmək qərarına gəlmiş Brexiti dəstəkləyən lider üsyan və partiyanın parçalanması riski ilə üzləşə bilər. Tezliklə, Böyük Britaniya Meyin uğursuzluğunun səbəbinin təkcə onun öz səhvlərindən qaynaqlanmadığını aşkarlaya bilər. Bütün Britaniya siyasi sistemi uğursuzluqla üzləşib.
Mey, Brexit referendumunda məğlub olduqdan bir gün sonra istefa verən baş nazir Devid Kameronu baş nazir vəzifəsində əvəz etmişdi. O, risk etmişdi və məğlub oldu. Daha sonra, 2017-ci ildə növbədənkənar seçkilər keçirmək qərarına gələn Mey də həmçinin risk etdi və məğlub oldu. O, ümid edirdi ki, seçkilər ona parlamentdə sayını artırmağa imkan yaradacaq və Brexit prosesində mövqeyini gücləndirəcək. Ancaq bu seçkilər onu hakimiyyətdən məhrum edən “dondurulmuş” parlamentə gətirib çıxardı, nəticədə isə baş nazir kimi taleyini həll elədi.
Onun varisinin seçilməsi yəqin ki, daha bir ümumxalq seçkilərinə yol açacaq. Mühafizəkarlar Partiyası daxilində baş verən narahatlıqları da hesaba alsaq, yeni seçkilər leyboristlərə təxminən son on il ərzində ilk dəfə hakimiyyətə qayıtmaq imkanı verə bilər. Ancaq Leyboristlər Partiyasının daxilində də problemlər var, onun lideri isə xeyli zəif tərəfləri olan Korbindir.
[caption id="attachment_79002" align="aligncenter" width="968"] Ceremi Korbin (Jeremy Corbyn)[/caption]Hazırda Britaniya siyasəti ən az dörd istiqamətə bölünüb. İki əsas partiya – Mühafizəkarlar və Leyboristlər Partiyası arasında ənənəvi rəqabət davam edir, baxmayaraq ki, indi hər iki partiya tərəfdarlarını itirir. Brexit məsələsində də həmçinin, ölkə əsasən 2 yerə bölünüb – Avropa İttifaqından ayrılmanın tərəfdarı olanlar və üzvlüyün saxlanılması tərəfdarları. Bu fikir ayrılıqları hər iki partiyanın koalisiyalarını zəiflətmiş və idarəetməni son dərəcə çətin məsələ halına gətirmişdir.
Korbin möhkəm gərilmiş kəndir üzərindən keçməyə cəhd edib. Bir çoxlarının Aİ üzvlüyünə qarşı və Brexit tərəfdarı olduğunu hesab etdiyi Korbin, Britaniya siyasətində ən vacib məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə etməkdən imtina edir. O, jurnalistlərin bu barədə verdikləri suallardan hər dəfə məharətlə yayınır. Avropa Parlamentinə seçkilər zamanı da bənzər şəkildə davranaraq bildirmişdir ki, o, öz partiyasına Brexitə dair müzakirələrdə hər iki tərəfdən olan seçicilərin cəlb edilməsini istəmir.
Əgər hal-hazırda Mühafizəkarlar Partiyasının daxilində mövcud olan parçalanma davam edərsə və seçicilərə Brexitin həyata keçirilməsi üçün effektiv vasitə təklif edilməzsə, Leyboristlər hakimiyyətə gələ bilərlər. Baxmayaraq ki, seçicilərin bir çoxu ölkənin taleyini Korbinə həvalə etməzdən əvvəl iki dəfə düşünəcəkdir.
Britaniya siyasəti artıq iki ildir ki, ingilis seçicilərin də məyusluğuna və narazılığına səbəb olub, iflic vəziyyətindədir. Bugünəcən onların qəzəbinin hədəfi Mey idi. Lakin ölkənin sistemli tənəzzüldən əziyyət çəkib-çəkmədiyini və yaxud rəhbərlikdəki dəyişikliklərin son iki il ərzində böyük ölçüdə zədələnmiş etibarı bərpa etməyi bacarıb-bacarmayacağını növbəti aylar göstərəcək.