"ATV" kanalında Azərbaycan milli futbol komandasının Lixtenşteynə məğlub olmasından sonra hazırladığı reportaja görə işdən çıxarılmaq təhlükəsi ilə üz-üzə qalan aparıcı-jurnalist İlkin Xəlilov məsələ ilə bağlı açıqlama yayıb.
Aparıcı bildirib ki, artıq hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən son nöqtəni qoymaq olar.
"ATV-də işimə davam edirəm. Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi".
İlkin Xəlilov onu müdafiə edənlərə, ictimaiyyət nümayəndələrinə də təşəkkürünü bildirib.
"Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun".
Sujet yayımlanandan sonra, iyunun 16-da İlkin Xəlilov yerli mətbuata açıqlamasında bildirib ki, ATV kanalı sujetdən narazı qalıb, guya reportajda təhqirsaçan ifadələr olub və bu səbəbdən də onun haqqında uzaqlaşdırma qərarı verilə bilər:
"ATV rəhbərliyi sujetdən narazı qalıb. Nə qədər absurd olsa da, mən guya, həmin sujetdə AFFA-nı təhqir etmişəm, AFFA-ya qarşı haqsızlıq etmişəm, jurnalist peşəsindən suiistifadə etmişəm. Çox maraqlıdır ki, AFFA özü buna etiraz etmir, səsini çıxramır, amma ATV rəhbərliyi AFFA əvəzinə vəkillik edir. Mən hazırda ATV-nin işçisiyəm. Sabah bu məsələ dəqiqləşəcək ki, mən qalıram, yoxsa yox".
İyunun 17-də isə ATV kanalı məsələ ilə bağlı açıqlama yayaraq jurnalistin işdən çıxarılmadığını bildirib.
"Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk.
Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirilməməsi mühüm şərtlər sırasına daxildir".