12 İyun 2019
Mətni dəyiş
2019-cu il iyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq, təhsil naziri bununla bağlı əmr imzalayıb. Bu barədə Təhsil Nazirliyi bildirir.
Nazirin əmrində ölkənin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilir.
Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi tövsiyəsi də əmrdə əks olunub.
Bu il XI sinfləri 80 min nəfərdən çox şagird bitirir
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Bu barədə Təhsil Nazirliyinin iyunun 10-da yaydığı məlumada deyilir.
2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.
2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
Xatırladaq ki, Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlanır.