"Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Bu il isə olmaz! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir".
Bu sözləri Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, əvvəllər paytaxtda kitab bazarları, yarmarkalar var idi, amma indi yoxdur.
"Gənclik metrosunun yaxınlığında köhnə kitablar bazarını xatırlayan varmı? Hər həftənin şənbə-bazarında, bayram günlərində, ağacların kölgəliyində səkilərə düzülərdi. Hökumət Evinin yaxınlığında, Kitab Evinin qarşısındakı kitab bazarını da yəqin, xatırlayarsız".
"Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu"Naşir bildirib ki, bu yaxınlarda avropalı birinin Bakı ilə bağlı xatirələrində Hökumət Evinin yaxınlığındakı kitab bazarından böyük həvəslə bəhs etmişdi.
"İndi bu yerlər yoxdur. Bukinistlər də öz yerlərini masajxanalara verməyə məcbur oldu. Kirə qiymətlərini kitab satmaqla ödəyə bilmədilər. Köhnə kitab bazarları Bakının ən azı teatrları qədər qorunmağı haqq edir. Mədəniyyət mərkəzlərini deyə bilmirəm, çünki onlar qorunmadı".
Şahbaz Xuduoğlu bildirib ki, onlar hər il parklarda kitab yarmarkaları təşkil edirdilər və bu il də yaddaşları təzələmək istəyiblər.
İndi bu məhrumiyyətin səbəbi nədir?"Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq. Bu il isə OLMAZ! Deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir".
Naşir deyir ki, onlar əksini gözləyirdilər, parklarda keçirilən yarmarkalar hesabına nə qədər oxucu tapılıb, nə qədər kitab dostu qazanılıb.
"Oxuculardan kitablar haqqında nə qədər xoş sözlər eşitmişik. İndi bu məhrumiyyətin səbəbi nədir? Ən zəif həlqə kimi niyə həmişə kitab seçilir? Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir..."