"Sərhədsiz Reportyorlar" (RSF) Azərbaycanda reportyor Polad Aslanova irəli sürülmüş saxta dövlətə xəyanət ittihamını pisləyir. O, tez-tez korrupsiya mövzusunu işıqlandırır və indi ömürlük həbs təhlükəsi ilə üzləşib.
Xeberman və Press-az xəbər saytlarının redaktoru Aslanov iyunun 14-də, həyat yoldaşı və qızı ilə toya gedərkən Azərbaycan sərhədində həbs edildikdən iki gün sonra istintaq təcridxanasına yerləşdirilib. Onun və anasının evlərində axtarış zamanı Təhlükəsizlik Xidməti əməkdaşları kamera və kompüter avadanlığı müsadirə ediblər.
Dövlət Təhlükəsizlik Xidməti Aslanovu məxfi məlumatı xarici dövlətə verməkdə, öz reportajlarında dövlətə böhtan atmaqda və digər Azərbaycanlı jurnalistləri xarici xüsusi xidmətlərlə əməkdaşlığa cəlb etməkdə ittiham edir.
Aslanov bütün ittihamları inkar edir, reportajları ilə bağlı repressiyaların qurbanı olduğunda israr edir. Xüsusən, reportajlarından birində o, Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri tərəfindən pul tələb edilməsi haqqında yazıb.
"Hər şey Polad Aslanovun Azərbaycanda tənqidçi jurnalistlərin təqibi maşınının növbəti qurbanı olduğunu göstərir. Onu, həmçinin Azərbaycanda ədalətsiz həbs edilmiş bütün digər altı jurnalisti dərhal azad etməyə çağırırıq", deyə "Sərhədsiz Reportyorlar"ın bəyanatında bildirilir.
Aslanovun vəkili ona iyunun 14-də baş çəkə bilib, amma onların təkbətək danışmasına icazə verməyiblər. Həyat yoldaşının sözlərinə görə, Aslanov hərbi xidmətə yararsız hesab olunmuşdu, amma 29 yaşında, öz materiallarında hakimiyyəti tənqid etməyə başladıqdan sonra tezliklə hərbi xidmətə çağırılıb.
Aslanov digər jurnalist İkram Rəhimov mənimsəmə ittihamı ilə beş il yarım həbs cəzasına məhkum edildiyi gün həbs edilib, baxmayaraq ki, məhkəmədə inandırıcı dəlillər təqdim edilməyib.
Realliq.info xəbər saytının redaktoru 2018-ci ilin oktyabrında, "loyal" kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi göstərən ölkə prezidentinin köməkçisi Əli Həsənovun ünvanına açıq tənqid məktubu dərc etdikdən tezliklə sonra həbs edilib.
Azərbaycan RSF-nin 2019-cu il üçün dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 166-cı yeri tutur. Ölkənin aparıcı tənqidi KİV-ləri susmaq və ya mühacirət etmək məcburiyyətində qalıblar, əsas müstəqil saytlar bloklanıb və ən az yeddi jurnalist hazırda həbsdədir, deyə bəyanatda qeyd edilir.