Project Syndicate: 'Ukraynanın yeni prezidenti müqavimət sıralarına qatılır'

Project Syndicate: 'Ukraynanın yeni prezidenti müqavimət sıralarına qatılır'
4 İyun 2019
Mətni dəyiş

"Kifayət qədər ciddi problemləri olan Ukraynanın yəqin ki, ən son ehtiyacı duyduğu məsələ ABŞ prezidenti Donald Trump ətrafında baş verən qalmaqallara (növbəti dəfə) cəlb olunmaqdır. Xoşbəxtlikdən bütün çatışmazlıqlarına baxmayaraq, Ukraynanın yeni prezidenti Vladimir Zelenski deyəsən bunu anlayır".

Bu fikirlər 'Project Syndicate' nəşrində yer alan "Ukraynanın yeni prezidenti müqavimət sıralarına qatılır" başlıqlı məqalədə dərc olunub. 'Abzas' olaraq həmin yazının tərcüməsini təqdim edirik.

Zelenskinin andiçməsi hələ baş tutmamışdan Nyu-Yorkun keçmiş meri və mafiya işi üzrə prokuror olan, Trampın məsləhətçisi Rudolf Culiani isə artıq Kiyevə getməyi planlaşdırdıqlarını bəyan etmişdi.

Onun məqsədi Zelenskini Ukraynanın ən böyük yanacaq və enerji şirkətlərindən biri "Burisma Holdings" şirkətinin idarə heyətində olan, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hanter Bayden ilə bağlı istintaq başlatmağa razı salmaq idi.

Hazırda Co Bayden 2020-ci il prezident seçkilərində Trumpa rəqib olmaq niyyətində olan Demokratlar Partiyasının namizədləri arasında liderdir, bu da o deməkdir ki, əslində Zelenskiyə bir fincan zəhər təklif edilib.

[caption id="attachment_78484" align="aligncenter" width="1280"] Barak Obama, Co Baydan və Hanter bayden (soldan sağa)[/caption]

Görünən odur ki, Culiani oyunu, 2016-cı il prezident seçkiləri ərəfəsində Trampın seçki kampaniyasının baş qərargah rəhbəri Paul Manafortun pis əməllərini üzə çıxaran materiallar əldə edən Demokratların əleyhinə çevirməyə çalışıb.

Bu materialların mənbəyi isə Ukraynanın o dövrdəki prezidenti Petro Poroşenko administrasiyası idi. Manafortun Ukraynadakı (o, Poroşenkonun sələfi olan, Kremlin dəstəklədiyi Viktor Yanukoviçin məsləhətçisi olaraq çalışırdı) fəaliyyətinə dair yayılan məlumatlar xüsusi ittihamçı Robert Mullerin bu yaxınlarda yekunlaşmış, 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar apardığı araşdırmanın ən əhəmiyyətli parçalarından biri idi.

Manafort haqqında iddiaları əksinə çevirməyə çalışan Culianinin Ukraynada xeyli könüllü tərəfdaşları meydana çıxdı. Ukrayna mətbuatının verdiyi məlumata görə, baş prokuror Yuri Lutsenkonun Culianiyə yazdığı məktubda Baydenin ABŞ vitse-prezidenti olarkən "lobbiçilik fəaliyyəti və siyasi dəstək" qarşılığında Ukraynanın qaz şirkətindən şəxsi gəlir əldə etdiyi iddia olunur.

Görünür Lutsenko ehtimal edirdi ki, Baydeni qaralamaq cəhdi Trumpın rəqibinə çevrilmək istəməyən Zelenski ilə münasibətlərdə mövqeyini gücləndirəcək. Zelenski parlamentdən Lutsenkonun vəzifədən uzaqlaşdırılmasını istədikdə onun təəccübünü görmək lazım idi.

Amma bacarıqsız kələkbaz Lutsenko Culianinin Ukraynadakı yeganə müttəfiqi deyildi. Bundan başqa, Culianinin bu ölkədəki şəxsi qaranlıq əlaqələri bir çox spekulyasiyalara səbəb olub, Muller tərəfindən araşdırılmışdı.

Culiani özünün “Giuliani Partners” adlı konsaltinq şirkəti sayəsində uzun müddətdir ki, Xarkov şəhərinin meri olan, guya əvvəllər bu şəhərdə mütəşəkkil cinayətkar dəstə başçısı olduğu iddia edilən Gennadi Kernes (Kernes özü bu ittihamları inkar edir) də içlərində olmaqla Ukrayna mafiyasına bağlı şəxslərlə əlaqələr qurmuşdu.

Culianinin neft və daşınmaz əmlak ticarəti ilə məşğul olan rus-ukraynalı maqnat Pavel Fuks ilə də əlaqələri mövcuddur. 2017-ci ildə Fuks təhlükəsizlik məsələləri üzrə Xarkov şəhəri ilə bağlı tövsiyələr almaq və ABŞ-da bu şəhərə sərmayə yatırmağı dəstəkləyən ofis açmaq üçün Culianinin firması ilə çalışmışdır. Fuks həmçinin, Culianinin Ukrayna milli hökuməti üçün "lobbiçi" kimi təyin edildiyini iddia edir. (Culiani bunu qəbul etmir).

[caption id="attachment_78485" align="aligncenter" width="765"] Rudolf Culiani[/caption]

İstənilən halda, Hanter Baydenin məsələsi qurulmuş bir sözləşmədir, bunu Lutsenkonun Culianiyə yazmış olduğu məktubdan çıxarışlar əldə edib, onları dərc etmiş Serqey Leşenko da təsdiqləyir.

Keçmiş araşdırmaçı jurnalist, indi isə parlamentin üzvü olan Leşenkonun bu məsələdə rolu bir az poetik alınıb. Məhz o, 2016-cı ildə Rusiya əleyhinə Regionlar Partiyasının Yanukoviçin məsləhətçisi olduğu dövrdə Manaforta verdiyi gizli ödəmələrin “qara siyahısını” açıqlamışdı (Culiani Müllerin araşdırmasının siyasi motivli olduğu fikrini irəli sürmək üçün bu siyahını saxta adlandırmışdı).

Baydenə gəldikdə, o, Culianinin onun oğluna qarşı araşdırma başlatması üçün Ukrayna hökümətinə lobbiçilik etmək cəhdlərini qınayıb, prezidentin öz şəxsi hüquqşünasını “tamamilə əsassız və utancverici bir şeyi etməsi üçün xarici dövlətə göndərmək” qərarını isə nalayiq adlandırıb.

Bundan başqa, Tramp administrasiyasının münasibətlərində siyasi rüşvət əlamətləri özünü göstərir: 2017-ci ildə Ukrayna ABŞ-dan 510 milyon dollar məbləğində yardım almışdı, 2018-ci ildə isə Tramp bu yardımı iki dəfədən artıq azaldaraq, 224 milyon dollara endirib.

Əlbəttə ki, məhz Rusiyanın Ukraynaya təcavüzü və Krımın anneksiyası zamanı Baydenin prezident Barak Obamanın Ukrayna məsələləri üzrə əsas adamı olduğu bir vaxtda, 2014-cü ildə oğlunun Ukrayna şirkəti olan "Burisma"da yüksək maaşlı direktor vəzifəsinə gətirilməsi Bayden tərəfindən müdrik addım hesab oluna bilməz.

Co və Hanter Bayden bilməliydi ki, hər hansı digər bir ölkə, eləcə də Ukrayna şirkəti, ABŞ vitse-prezidentinin oğlunu gələcəkdə fayda əldə etmək üçün zəmanətli vasitə hesab etdiyi üçün işə götürür.

Müxtəlif vaxtlarda Ukrayna hökümətinin ya rəhminə, ya da qəzəbinə tuş gəlmiş "Burisma"nın qurucusu Mikola Zloçevskinin məhz həmin vaxtda, o zamankı baş prokuror Viktor Şoxinin tərəfindən başladılan bir neçə cinayət prosesinin obyektinə çevrilməsi vəziyyəti daha da çətinləşdirir.

[caption id="attachment_78487" align="aligncenter" width="1023"] Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və Mikola Zloçevski[/caption]

Lakin 2016-cı ildə Şoxin Co Baydenin tələbi ilə korrupsiyaya görə işdən çıxarılır. Üstəlik, Bayden buna nail olmaq üçün ABŞ-ın milyard dollar kredit zəmanəti vermək vədindən istifadə etdiyini fəxrlə danışır .

Ancaq zəif öngörü ilə qanunsuz davranış arasında böyük fərq var. Siyasi təcrübəsinin olmamasına baxmayaraq, aprel ayında keçirilən prezident seçkilərində inamlı qələbə qazanmamışdan öncə televiziyada komediya artisti olan Zelenski Culianinin planlarında fəsad olduğunu hiss etmişdir.

Belə deyilir ki, ona bu görüşdən imtina etməsini köməkçiləri məsləhət görüb. İndi hətta Lutsenko belə öz mövqeyini dəyişib, o, Hanter Baydenin Ukrayna ərazisində qeyri-qanuni heç bir şey etmədiyini və araşdırmaya ehtiyac olmadığını söyləyib.

Gəlinən nəticədə, Culiani səfərini təxirə salmaq məcburiyyətində qaldı. O, bildirib ki, gedəcəyi təqdirdə, Trampın düşmənləri olan insanların, bəzi məqamlarda isə hətta ABŞ-ın düşmənlərinin sırasına qatılmış olacaqdı.

Əgər Tramp administrasiyasının intriqalarının açıqlanması və onun qurduğu səfeh tələlərdən yayınmaq kiməsə "ABŞ-ın düşməni" adını qazandırırsa, o zaman umid edirik ki, Zelenski bu “medal”ı bundan sonra da daşımağa davam edəcəkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun