Latviyada mənzillənən “Meduza” portalının araşdırmalar bölməsinin müxbiri Ivan Golunov Moskvada saxlanıb.
Vəkili Dmitry Dzhulai BBC-yə danışıb ki, jurnalist metrostansiya yaxınlığında, mənbə ilə görüşə gedərkən saxlayıblar.
Azadlıq Radiosunun məlumatına görə, Golunov-u bir neçə əməliyyatçı əhatələyib, üstündə axtarış aparıblar və çantasında narkotik maddə tapıldığı bildirilir.
Vəkili daha sonra jurnalistin mənzilində də narkotik maddə aşkarlanması barədə informasiya verildiyini deyib.
“Reuters” müstəntiqlə söhbət zamanı telefonun yaxınlığında olan jurnalistin sözlərini eşidib, Golunov onun üstünə iki paket naməlum maddə atıldığını deyib.
Jurnalistin deməsinə görə, polis əməkdaşları onun telefonunu alıblar, 12 saat vəkili ilə danışmasına icazə verməyiblər.
Ekspertiza üçün nümunə götürülməyib
İyunun 7-də səhər vəkili Dmitry Dzhulai ilə görüşən Golunov ona saxlanandan sonra döyüldüyünü deyib. Onun sözlərinə görə, ifadə verərkən polis əməkdaşları onu döşəməyə yıxıb, biri yumruqla yanağına vurub. Vəkil jurnalistin sinəsindən təpikləndiyini də bildirib.
Ancaq döyülməsinə baxmayaraq, jurnalist təqsirini etiraf etməyib, baş verənləri provokasiya adlandırıb. “Əməliyyatçılar çox qaba işləyiblər”, – vəkil deyib.
Dzhulai söyləyib ki, polis əməkdaşları jurnalistin narkotiklərə toxunduğunu, yaxud istifadə etdiyini müəyyənləşdirməkdən ötrü əlindən və dırnaqlarından nümunə götürməkdən imtina ediblər.
Golunov Moskva hakimiyyətinin korrupsiyası barədə araşdırmaları ilə tanınıb. O, Moskvanın vitse-merinin qohumları barədə araşdırma aparıb, paytaxtdakı yenidənqurma işlərindən yazıb. 2,2 milyard rubl dəyərində bir layihəni ictimailəşdirəndən sonra bu məsələ üzrə tender təxirə salınıb.
“İvan Qolunovun peşəkar reputasiyası qüsursuzdur. O, təcrübəli, vicdanlı, qərəzsiz jurnalistdir. İşdən kənarda isə o, tanıdığımız adamlar içində ən təmizidir”, – “Meduza”nın rəhbərləri Galina Timchenko və Ivan Kolpakovbəyanatlarında bildirirlər.
“Golunov-un günahsız olmasından əminik. Həmçinin onun jurnalist fəaliyyətindən dolayı təqibə məruz qalmasını düşünməyə əsasımız var. Son aylar Vanya hədələnirdi; bunun hazırlanmaqda olan mətnlə bağlı olduğunu, kimdən gəldiyini təxmin edirik. Vanyanın kimin iradəsilə təqib olunduğunu aydınlaşdıracaq, bu informasiyanı ictimailəşdirəcəyik”, – bəyanatda vurğulanır.