13 İyun 2019
Mətni dəyiş
Moldovanın yeni höküməti Mixayıl Saakaşvilidən ölkənin Daxili İşlər Nazirliyində islahatlar aparmaq üçün yardım istəyib. Moldova mediasının xəbərinə görə bu haqda ölkənin baş nazirinin müavini və daxili işlər naziri bəyanatla çıxış ediblər.
Gürcüstanın eks prezidenti Moldovanın yeni baş naziri ilə birgə moldovan televiziyasına çıxaraq orda oliqarxların ölkəni idarə etməsinin fəsadlarından danışıb. Veriliş əsnasında canlı yayımda yeni baş nazir Mayya Sandu da Mixayıl Saakaşviliyə üz tutaraq ondan yardım istəyib. Baş nazir deyib ki, Saakaşvilinin geniş təcrübəsi var və onu islahatçı siyasətçilərdən hesab edir.
Saakaşvili isə öz növbəsində deyib ki: "Bu gün heç bir ölkə Moldovaya həsəd aparmır. Tarixi qırılma təkcə sizin ölkədə deyil Gürcüstan, Ukrayna, Belarus və oliqarxiya problemi olan ölkələrin taleyində var. Moldova elan edib ki, ölkəni oliqarxlar işğal edib və bu ciddi problemdir. Pul, biznes, media vasitələri, məhkəmə sistemi oliqarxların əlində cəmləşib. Onlar dövlət və azadlıqlar ideyalarını boğublar. Eyni hadisələr Gürcüstanda da, Poroşenko dönəminin Ukraynasında da yaşanıb. Gürcülərin çoxu üçün Moldovadakı hadisələr ümüd mənbəyi olub, çünki onlar görüblər ki, ölkənin oliqarxiyanın caynağına keçməsini yüksək səslə demək olar və onlardan qurtulmaq olar. Moldovada prosses hələ başa çatmayıb, amma sizi inandırıram ki, Plaxotnik Avropa Birliyinə və bütün demokratik dünyanın əksinə gedə bilməyəcək".