Braziliya prezidenti Jair Bolsonarun cangüdəni İspaniyada aeroportda 39 kiloqram narkotik maddə ilə tutulub.
Məlumata görə, təyyarə Osakada G-20 sammitində iştirak etmək üçün Yaponiyaya gedən prezidentin ehtiyat təyyarəsi kimi uçub. İyunun 25-də təyyarə İspaniyada müvəqqəti dayanıb. Ekipaj üzvlərinin yoxlanışı zamanı 38 yaşlı hərbçi həbs olunub.
Onun yol çantasında 39 kiloqram kokain aşkarlanıb. 37 bağlamadan ibarət olan narkotik vasitəni gizlətməyə cəhd etsələr də, alınmayıb.
Braziliya Müdafiə Nazirliyi narkotik maddə ticarəti ilə məşğul olmaqda şübhəli bilinən zabitin həbsini təsdiqləyib. Bildirilib ki, istintaq hərbi polis tərəfindən aparılır.
Prezident isə 'Twitter' səhifəsində bildirib ki, onun komandasının baş verənlərlə heç bir əlaqəsi yoxdur. O, məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılmasını tələb edib.
"Biz ölkəmizə qarşı edilən bu cür hörmətsizliyə dözməyəcəyik!", - deyə prezident yazıb.
"El Pais" nəşri yazır ki, Braziliya Hava Qüvvələrinin şəxsi heyətinin öz mövqelərindən narkotika daşınması üçün istifadə etmələri birinci dəfə deyil. Bundan əvvəl də bu cür hadisələr qeydə alınıb.