İmamoğlu və Yıldırım debatında müxalif namizəd bir addım önə çıxıb [analiz]

İmamoğlu və Yıldırım debatında müxalif namizəd bir addım önə çıxıb [analiz]
17 İyun 2019
Mətni dəyiş

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi nəticələrinin ləğv olunmasından sonra təkrar seçki iyunun 23-nə təyin olunub.

İyunun 16-da hakim partiyanın namizədi Binali Yıldırımla müxalifət partiyasının namizədi Ekrem İmamoğlu canlı yayımda keçirilən debatda üz-üzə gəliblər. Debatın moderatorluğunu tanınmış jurnalist İsmayıl Küçükkaya edib.

Canlı yayında İstanbul Böyükşəhər Bələdiyyəsindəki israfçılıq, namizədlərin suriyalı mühacirlərlə bağlı fikirləri, FETÖ təşkilatına münasibət, kürdlərlə bağlı siyasət və digər mövzular müzakirə olunub.

Ekrem İmamoğlu İstanbul bələdiyyəsinin ən böyük probleminin israfçılıq və yoxsulluq olduğunu deyib və bu israfçılığın prokurluq tərəfindən aparılan araşdırmaların hesabatlarında da əksini tapdığını bildirib. Onun irəli sürdüyü rəqəmlərə görə, İstanbul bələdiyyəsi ümumilikdə 753 milyon lira vəsaiti israf edib.

Binali Yıldırım isə hesabatda elə bir rəqəm olmadığını, israfçılıq sayıla biləcək cəmi 108 min liralıq vəsaitin olduğunu irəli sürüb.

Ekrem İmamoğlu AKP hökümətinin mütəmadi olaraq bələdiyyə büdcələrindən fondlara (vakıflara) pul ayırdığını da dilə gətirib və bunu səhv siyasət adlandırıb. Binali Yıldırm isə fondaların tələbə yataqxanaları, təhsilə dəstək və sairə layihələr üçün bələdiyyədən maliyyə dəstəyi aldığını bildirib.

Suriyalı mühacirlər mövzusundan da danışan Ekrem İmamoğlu mühacirlərlə bağlı mütləq bir idarənin yaradılmalı olduğunu deyib.

Yıldırım isə suriyalıları öz ölkələrində müvəqqəti qonaq etdiklərini, vətəndaş müharibəsindən qoruduqlarını bildirib. Onun sözlərinə görə, 500 minə yaxın suriyalı artıq ölkəsinə geri qaytarılıb, bundan sonra da qaytarılacaq.

İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə seçkilərin onlar üçün demokratiya mübarizəsi olduğunu deyib.

Binali Yıldırım da öz növbəsində bundan öncə də dəfələrlə dilinə gətirdiyi iddianı yenə dilə gətirib. O, təkrar seçkiləri istəmədiklərini, ona verilən səslərin oğurlandığını bildirib.

Türk jurnalist Murat Sabuncu namizədlərin debatı haqda "DeutschWelle" agentliyinə verdiyi açıqlamada deyir ki, ümumilikdə debatın qalibi olaraq Ekrem İmamoğlunu göstərmək olar.

"Binali Yıldırım İmamoğlunu tez-tez "yalançı" adlandıraraq onu hirsləndirməyə çalışıb. İmamoğlu isə təmkinini qoruyub və partiyasına qarşı iqtidarın kinli olduğunu dilə gətirib.

Binali Yıldırımın ən çox çətinə düşdüyü an İstanbul Böyükşəhər Bələdiyyəsi haqda prokurorluğun hazırladığı hesabatdan xəbəri olmadığını deməsi olub" - deyə Murat Sabuncu bildirib.

Sabuncu İmamoğlunun uğurlu çıxışlarının birini də qeyd edib: "Belə ki, Binali Yıldırımın rəqibini çətin duruma salmaq üçün ona "məlumatların surətini çıxarmaq FETÖ üsuludur" deməsinə cavab olaraq İmamoğlu bildirib ki, "mənim o işlərdən başım çıxmır, təcrübəm yoxdur" və Yıldırımın üz ifadələrindən də göründüyü kimi, bu cavab xeyli uğurlu olub".

Jurnalist həmçinin Binali Yıldırımın canlı yayımda heç vaxt Pensilvaniyaya getməməsi, Fətullah Güləni görməməsi haqda dediklərindən dərhal sonra sosial şəbəkədə Yıldırımın Fətullah Gülənin qardaşının dəfnində dayandığını əks etdirən bir fotonun sürətlə yayılmasına diqqət çəkib və məhz bu tərəfinə görə də Yıldırımın seçkilərdə uğursuz ola biləcəyi haqda gümanlarını dilə gətirib.

[embed]https://www.youtube.com/watch?v=1tu8aiXWHNA[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun