Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyalarına görə 10 polis məmurunu vəzifəsindən azad edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, polis əməkdaşları iyunun 20-21-də paytaxtda keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad ediliblər.
"Bu mərhələdəki yoxlamanın bir hissəsi olaraq, etirazlarda tətbiq olunan şiddətdə iştirak edən 10 hüquq-mühafizə orqanı əməkdaşının fəaliyyəti dayandırılıb", - deyə açıqlamada bildirilib.
Bundan əvvəl Tbilisidə keçirilən etiraz aksiyasında saxlanan 300-dən çox iştirakçının 120 nəfəri inzibati həbsə məhkum edilib.
Beş gündür davam edən aksiyalarda etirazçıların tələblərindən biri də iyunun 20-21-də həbs edilən şəxslərin azad edilməsidir.Polis nəfərlərinin işdən azad edilməsi ilə bağlı açıqlamada Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının səlahiyyətləri aşmasına dair araşdırma davam edir.
Açıqlamada deyilir ki, vəzifəsindən azad edilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa göndəriləcək.
Etirazçıların digər bir tələbi də aksiyalarda qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.