İyunun 21-də nümayişçilərin tələbi ilə Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidzenin istefasına baxmayaraq paytaxt Tbilisidə vəziyyət gərginləşməkdə davam edib.
Məlumata görə, minlərlə etirazçı paytaxtın müxtəlif hissələrində, əsas da keçmiş parlamentin qarşısında toplaşmağa davam ediblər.
Etirazçıların əsas tələblərindən biri güc strukturları rəhbərlərinin istefasıdır. Onlar həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Gürcüstan hökumətinin açıqlamasına görə, yeni spiker seçilənə qədər parlamentin sədri vəzifəsini vitse-spiker Tamar Çuqoşvili icra edəcək.
Mitinqlər başlayan gün DİN başçısı artıq istefa verməyə hazır olduğunu bildirib. Etirazçılar isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin də istefasını tələb edirlər.
Tbilisidə kütləvi etirazlar, daha sonra isə polislə qarşıdurma beynəlxalq tədbirdə iştirak üçün Tbilisiyə gələn rusiyalı deputat Qavrilov Gürcüstan parlamentində görüldükdən sonra başlayıb.
Gürcüstan müxalifəti onun Abxaziya separatçılarını dəstəklədiyini və onun Gürcüstana buraxılmasının hazırki ölkə hakimiyyətinin satqınlığı olduğunu bildirib.