Güneyli fəala aclıq aksiyası keçirdiyi üçün yaxınları ilə görüşmək qadağan olunub

Güneyli fəala aclıq aksiyası keçirdiyi üçün yaxınları ilə görüşmək qadağan olunub
12 İyun 2019
Mətni dəyiş

Ərdəbil zindanının məsulları tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin yaxınları ilə görüşmək icazəsinin olmadığını bildiriblər.

Bu haqda əsasən İran Azərbaycanından xəbərlər hazırlayan "Günaz TV" xəbər yayıb. Məlumata görə, fəal aclıq aksiyasını dayandırmayana qədər onunla ailəsi arasında heç bir görüşə icazə verilməyəcək.

Lisani ailəsi iyunun 11-də, fəalın aclıq aksiyasının 16-cı günündə zindana müraciət etdikləri zaman belə bir cavabla qarşılaşıblar.

Zindan məsulları aclıq aksiyası keçirilən müddətdə vəziyyətin dəyişməyəcəyini dəfələrlə vurğulayıb.

Abbas Lisani iyunun 10-da Ərdəbilin İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub.

Fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli Ettelaat əməkdaşlarının əhatəsində əl-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında prokurorun müavini və fəalın vəkili cənab Fəqihi də iştirak edib, məhkəmə prosesi 4 saatdan çox davam edib.

Fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir, onun təxminən 20-25 kq arası çəki itirdiyi bildirilir.

Abbas Lisani məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

Tanınmış fəal Təbriz İnqilab Məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını xatırladaraq bu dosyeyə görə saxlanma qərarının qanunsuz olduğunu deyib. O ailəsi, vəkili və prokurorun nümayəndəsinin tələbinə rəğmən aclıq aksiyasını davam edəcəyini də vurğulayıb.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun