Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd övladının Azərbaycandan qaçıb xarici ölkədə sığınacaq almasına görə daha bir məhkəmə yekunlaşıb. Generalın qaynı, bu işə görə suçlanan Fərid Yusub bəraət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, istər E.Şəkinskinin dörd övladının saxta sənədlərlə ölkədən çıxarılması, istərsə də generalın 60 min manatının oğulanmasıyla bağlı F.Yusuba verilən ittiham sübuta yetirilməyib.
Hökmdən öncə F.Yusubun vəkili Şəhla Hümbətova da ittihamın əsassız olduğunu, prokurorun heç bir sübut ortaya qoymadan müvəkkilinə 5 il 8 ay cəza istədiyini deyib:
"Fərid Yusubun bu işlərdə rolunun nədən ibarət olduğu aydın deyil. Yazırlar ki, bacısı və uşaqlarının ölkədən çıxarılması prosesində yaxından iştirak edib, özü xaricdə olsa da, mütəmadi internet vasitəsilə bacısına məsləhətlər verib. Amma iş materiallarında heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı yoxdur. Prokuror deyir ki, ittiham şahid ifadələri ilə sübuta yetirilib. Halbuki, şahidlər ifadələrində Fərid Yusubu ümumiyyətlə, tanımadıqlarını bildiriblər".
Generalın ailəsinin 2014-cü ildə ölkədən getməsi ilə bağlı cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunanda (onların bir qisminə şərti cəza, bəzilərinə isə 8 ilə qədər həbs cəzası verilmişdi-red.) F.Yusub axtarışa verilmişdi. Bu üzdən o, indi mühakimə olunur.
E.Şəkinski əvvəlki cinayət işində olduğu kimi, bu işdə də zərərçəkən kimi tanınıb. Özü məhkəməyə gəlməsə də, vəkili vasitəsilə ərizə göndərib ki, qaynına qarşı şikayət və tələbi yoxdur.
Xatırlatma
F.Yusub 2017-ci ildə Rusiyada tutulub Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, G.Şəkinskaya və uşaqları ölkədən qaçanda o, Azərbaycanda olmasa da, bacısına Skype vasitəsilə təlimatlar verib. G.Şəkinskaya da onun dedikləri əsasında hərəkət edərək atalarından gizli şəkildə uşaqları ölkədən qaçırıb.
F.Yusub CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, o, 2008-ci ildə Azərbaycanı tərk edib və 2014-cü ildə bacısıgil xaricə gedəndə də ölkədə olmayıb. F.Yusubun sözlərinə görə, bacısı Gülnarə 1998-ci ildə E.Şəkinski ilə ailə həyatı qurub, 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb:
"İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Oğurlandığı iddia edilən 60 min bacımın evində olub. O pulun Emin Şəkinskiyə aidiyyəti yoxdur. Bacımın pulu olub, istifadə edib".
Məhkəmədə o da məlum olub ki, bundan əvvəl baxılıb, haqqında hökm çıxarılan adamlara Ali Məhkəmə generalın evindən 60 min manatın oğurlanması ittihamı üzrə bəraət verib.