"Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir. Qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, sonra da obyektlərin hərəsi bir qiymət qoyur".
Bu sözləri deputat Fəzail Ağamalı parlamentin iclasında deyib. O bildirib ki, qanunvericilikdə dəyişiklik edərək bununla bağlı sərtləşdirmə həyata keçirmək lazımdır:
"Dənizin sahilini turizm zonasına çevirmək mümkündür. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz”.
Deputat Xəzərin çirklənməsi məsələsinə də toxunub. O bildirib ki, dənizinin Azərbaycan hissəsinə diqqət yetirəndə, çox təəssüfedici mənzərə ilə üz-üzə qalır.
"Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin”.
Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.