Azərbaycanlı və erməni əsirlər dəyişdirilib

Azərbaycanlı və erməni əsirlər dəyişdirilib
28 İyun 2019
Mətni dəyiş

İyunun 28-də Ermənistanda girovluqda olan azərbaycanlı və Azərbaycanda əsirlikdə olan erməni dəyişdiriliblər.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan prezidentinin müvafiq tapşırığına uyğun olaraq Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində razılıq əldə olunub.

Belə ki, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç tərəflərə təhvil veriliblər.

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Rəsmi məlumatda deyilir ki, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun