İyunun 7-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə REAL-ın Məclis başqanı Azər Qasımlının Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə qarşı barəsində tətbiq etdiyi “ölkədən çıxmağa məhdudiyyət qoyulması” ilə bağlı istintaq hərəkətinin qanunsuz hesab edilməsinə dair keçiriləcək məhkəmə iclası təxirə salınıb.
Abzas-a açıqlama verən Azər Qasımlı bildirdi ki, bu artıq 4-cü məhkəmə iclasıdır ki, qarşı tərəfin nümayəndələri gəlmirlər:
"İki iclas 2016-cı ildə Avropa Məhkəməsinin qərarından əvvəl keçirilmişdi, o iclaslara qatılmamışdılar. Bir də Avropa Məhkəməsinin qərarından sonra bu artıq ikinci iclasdır ki, bu dəfə də gəlmədilər. Birinic təxirə salınan məhkəmə bir həftə əvvəl olmuşdu, ona da gəlməmişdilər".
Azər Qasımli bildirir ki, prokurorluğun onunla bağlı verdiyi “ölkədən çıxışa qadağa” bir fiksiyadır, qanunların, onun hüquqlarının açıq şəkildə pozuntusudur.
"Hakim B.Pənahov bildirdi ki, guya prokurorluğun nümayəndələri növbəti iclasa – 17 iyun saat 16:30-a təyin olunmuş iclasa qatılacaqlar, lakin mən buna inanmıram. Bu səfər də hakim prosesi uzatmaqla bağlı qərar çıxarsa, mən hakimin özünü məhkəməyə verəcəm, çünki bu iş artıq mənim üçün prokurorluq ilə əlbir olan bir hakim səviyyəsinə gələcək".
REAL Partiyasının Məclis başqanı Azər Qasımlı 29 sentyabr 2016-cı ildə konfransda iştirak etmək məqsədilə Böyük Kəsik sərhəd postundan Gürcüstana getmək istəyərkən sərhədçilər ona Baş Prokurorluq tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.
A. Qasımlı 29 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə müraciət edərək ölkədən çıxışına qadağa qoyulması üçün heç bir hüquqi əsasın olmadığını və bu qadağanın təxirəsalınmadan götürülməsini tələb etsə də, bu günə kimi ölkədən çıxışına məhdudiyyət götürülməyib.
O, 7 mart 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə 13 dekabr 2018-ci ildə şikayəti təmin edib. Azərbaycan hökuməti bu qərardan şikayət verməyib və 13 mart 2019-cu ildə Avropa məhkəməsinin qərarı qüvvəyə minib.
Qərar qüvvəyə mindikdən sonra REAL Partiya Məclisi üzvü Azər Qasımlı məlum qərarın icrası və pozulmuş hüquqlarını bərpa etmək üçün Baş Prokurorluğa rəsmi ərizə verib. Baş Prokurorluq 2 aprel 2019-cu ildə cavab məktubu yazaraq şikayətin cinayət işi ilə əlaqədar olduğunu və əlavə məlumat veriləcəyini bildirib.
A. Qasımlı Nəsimi rayon Məhkəməsinə müraciət edərək Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqinin “ölkədən çıxmağa məhdudiyyət qoyulması”na dair istintaq hərəkətinin qanunsuz hesab edilməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarını icra edərək həmin tədbirin ləğv edilməsini istəyir.