Dünən, aprelin 19-da Marneulidə mer seçkiləri keçirilib və seçkilərdə bu yer uğrunda 4 azərbaycanlı mübarizə aparıb.
Gürcüstan Azərbaycanlılıarının yaratdığı Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Abzas"a müsahibəsində Borçalıda keçirilmiş seçkilər, Azərbaycan hökümətinin Borçalıya neqativ müdaxiləsindən, Azərbaycanın xarici siyasətindəki qüsurlardan və rusiyapərəst gürcü hökümətinin Azərbaycanla münasibətlərindən bəhs edib.
- Zəlimxan bəy, bu gün Marneuli merliyinə seçkidir, sizin bu seçkidə dəstəklədiyiniz namizəd vardımı?
- Əvvəla ondan başlayaq ki, indiki gürcü iqtidarı həm Gürcüstanda soydaşlarımızın varlığına maraqlı deyil, həm də azərbaycanlıların orda icma olaraq mövcud olmasında maraqlı deyil. Onlar azərbaycanlıların real potensialının ictimai-siyasi həyata vəsiqə qazanmasında maraqlı deyil. Bir sözlə Gürcüstanın indiki iqtidarının antigürcü, antiazərbaycan və antimilli iqtidar hesab edirəm buna görə də onun tərəfindən seçkilərə qatılan namizədin kimliyindən asılı olmayaraq soydaşlarımızı onun əleyhinə səs verməyə çağırmışam.
- İqtidar partiyası "Gürcü Arzusu"ndan merliyə namizəd Zaur Darğallıydı.
- Zaur Darğallı Gürcüstanda gəncliyimizin kifayət qədər populyar nümayəndələrindən olub. Onun gəncliyin təşkilatlanmasında və QHT sektorunun inkişafında xüsusi xidmətləri vardı. Ancaq, zamanla onu bürokratlaşdırdılar. Mən onu Borçalı üçün bir itki hesab edirəm.
Mənim namizədim haqqı yeyilmiş Əhməd İmamquliyev idi. Parlament seçkiləri zamanı Əhməd bəyin qazandığı mandatı real olaraq Azərbaycan və Gürcüstan iqtidarları biznes maraqları xatirinə yeyiblər. Bələdiyyə seçkilərində də Əhməd bəyin haqqı yeyilib. O kifayət qədər azaddır, iqtidarı tənqid edə bilir. Bəlkə də Gürcüstanda siyasi fəaliyyətlə məşğul olan soydaşlarımız arasında Əhməd İmamquliyev hakimiyyəti əsaslandırılmış, açıq-açığına tənqid edə bilən ilk nümunədir. Əhməd bəyə qədər Borçalı insanlarında hakimiyyəti tənqid etmək ənənəsi olmayıb. Bu ənənənin əsasını Əhməd İmamquliyev qoyub.
[caption id="attachment_76048" align="aligncenter" width="1082"] 19 mayda Marneuli merliyinə keçirilən seçkilərdə iki əsas namizəd müxalif Əhməd İmamquliyev və hakim partiyadan olan Zaur Darğallı idi. Seçki nəticəsində Zaur Darğallı qalib gəlib.[/caption]- SOCAR-ın və Azərbaycan Diaspora Komitəsinin Gürcüstan azərbaycanlılarını Azərbaycan hakimiyyətinin biznes və təbliğat maraqları üçün istifadə etdiyi tez-tez Borçalı xalqı tərəfindən dilə gətirilir. Siz bu haqda necə düşünürsünüz. Həqiqətən borçalılıların iki ölkə arasında alver obyekti olması durumu varmı?
- Təəssüf ki, Azərbaycanın ən böyük faciələrindən biri neft və qaz olub. Neft və qaz milli zehiniyyətin əlinə keçmədi. Neft və qazın gəlirləri həm Borçalının, həm Güney Azərbaycanın, həm Azərbaycan xalqının özünün inkişafına, təhsilin, elmin, mədəniyyətin inkişafına xərclənməliydi, amma xərclənmədi. İndiki iqtidarımız milli zehniyyətdən imtina edib. Gürcüstandakı kriminallaşmış eyni tip zümrə ilə Azərbaycandakı zümrə arasında biznes maraqları üçün əməkdaşlıq mövcuddur.
Məsəlçün, Saakaşvili dövründə gürcü höküməti Azərbaycanlılar üçün universitet tikməyə yer ayırdı, Azərbaycan isə layihə üçün vəsaitinin olmadığını dedi. SOCAR həm də bəzən Gürcüstanın krimillaşmış hakimiyyəti ilə əməkdaşlıq edərək bizim soydaşlarımızın nümayəndələrinin irəliyə gedən fərdlərinin qarşısını almağa çalışır.
Mənə elə gəlir ki, bizim ölkənin Gürcüstanla bağlı siyasəti fundamental şəkildə yenilənməlidir. Azərbaycanın Gürcüstanla münasibətlərində iqtisadi maraqlar var, milli-strateji maraqlar yoxdur. Belə maraqlar olmadığı üçün də indiki gürcü iqtidarı Azərbaycan iqtidarını ələ salır: Qarabağda döyüşən erməni terrorçusuna heykəl qoyur, Keşiçdiğ monastırı ilə bağlı qalmaqal yaradır və ərazi iddiası irəli sürə bilir. Bir az da irəli gedərək bizim Gürcüstandakı soydaşlarımızın aborigenliyini şübhə altına ala bilir, onlara qonaq, gəlmələr adlandırır. Bir az da irəli gedərək Ermənsitanı blokadadan çıxartmaq üçün Rusiya ilə iş birliyinə girir. Bir az da irəli gedərək İran qazının Ermənsitan vasitəsilə Gürcüstana çıxartmağa çalışaraq Azərbaycanı təhdid edə bilir. Bunların hamısının səbəbi odur ki, Azərbaycanın bölgədə siyasəti milli və strateji deyil, qrup maraqlarına görə qurmasıdır.
Gürcüstanda soydaşlarımızı ayaqda saxlayan Azərbaycan deyil, soydaşlarımız özüdür, tarixi-ruhani yaddaşlarıdır və bir də əsası Saakaşvili tərəfindən qoyulmuş demokratik islahatlardır. Azərbaycan iqtidarı bizim soydaşlarımızın Gürcüstanda saxlanmasına yox pərakəndə hala düşüb dağılmasına şərait yaradır.
- Belə bir fikir var ki, rusiyalı oliqarx İvanişvilinin arxasında dayandığı indiki gürcü hökümət daha da sərt Rusiyapərəst olub. Siz bu fonda Azərbaycan və Gürcüstan arasındakı Keşikçidağ kompleksi ilə bağlı gürcülərin yaratdığı qalmaqalı Azərbaycana Rusiyanın təzyiqi, təhdidi kimi görürsünüzmü?
- Bəli, mən də təqribən belə düşünürəm. Bilirsiniz ki, Bidzina İvanişvilinin kapitalı Kremlə, Rusiyaya bağlıdır və Rusiyada kapitalın miqdarı bəlli bir səviyyəni keçəndən sonra kapital sahibi FTX-nın caynağına keçir və siyasi hakimiyyətin nəzarətində olur. Əgər diqqətlə fikir versəniz görərsiniz ki, İvanişvilinin hakimiyyətə gətirilməsi Saakaşvilini devirmək üçün ən unikal variantlardan biri olub. Zəngin gürcü öz pulunu buraxdı, onun arxasında Kremlin də pulu oldu və bu təbliğat, fitnə yolluyla Saakaşvilini hakimiyyətdən devirə bildilər. İndinin özündə də İvanişvili partiyasının apardığı siyasət mahiyyət etibarıyla Gürcüstanda rusofilliyin cücərməsinə və Rusiyaya qarşı simpatiyanın artmasına yönələn siyasətdir. O cümlədən İvanişvili Azərbaycana və Gürcüstan arasında münasibətlərin gərginləşməsinə maraqlı olan İran və Rusiyanın bölgədə fəallaşmasına imkan yaradıb. Beləliklə, Gürcüstandakı ayrı-ayrı siyasi qüvvələrin sərhəddəki Keşikçidağ kompleksinə gəlişi, Azərbaycanın tarixinə, mədəniyyətinə, kimliyinə qarşı ədavətli yanaşmalar, məhz bir mərkəzdən idarə olunur və bu mərkəz İvanişvilinin əliylə oynayan Rusiyadır. Bütün bunlar Azərbaycanın xarici siyasətdə buraxdığı boşluqların nəticəsidir. Azərbaycandan Rusiyanın tabeçiliyini qəbul etmək tələb olunur bunun üçün də Rusiya Ermənistanda Paşinyanın əliylə, Gürcüstanda İvanişvilinin əliylə və İranın Ermənistana dəstəklərinin vasitəsilə Azərbaycana qarşı təzyiqləri zamanla yüksələn xəttlə artırılmasına çalışır.
[caption id="attachment_77999" align="aligncenter" width="550"] Zəlimxan Məmmədli və Borçalı cəmiyyətinin digər üzvləri Elat Bayramında. 2015-ci il.[/caption]- Zəlimxan bəy, siz Borçalıda azərbaycanlıların Elat bayramını keçirtməkdə fəal iştirakınızla da tanınırsınız. Buna görə gürcü hakimiyyətinin sizə təzyiqlərinin də olduğunu və Elat bayramına qarşı mübarizə apardığı da bilinir. Bu bayram son dəfə nə zaman keçirildi və gürcü hakimiyyəti bayramın keçirilməsindən niyə narahatdır?
- Elat bayramı ölkəmiz müstəqillik qazanandan sonra bəlkə də Azərbaycan türklərinin bir ideya ətrafında toplaşdığı ən unikal layihələrdən biri idi. Elat bayramı Azərbaycanın siyasi-ictimai elitasını müxalifətli, iqtidarlı bir araya yığmaqla bərabər, türk dünyasını da bir camiyədə toplaya bildi. Bu xalqımız üçün bir qalxınma, mədəniyyətin toparlanması, milli vəhdət, milli həmrəylik layihəsi idi. Gürcü höküməti bunu istəmədi. Gürcü və azərbaycan xalqlarının münasibətlərinin inkişafına mane olan qüvvələrdən biri Kremldir. Kreml Qafqazda Gürcüstanla Azərbaycanı toqquşdurmaq üçün hər fürsətdən istifadə edir.
İvanişvili iqtidarının hakimiyyətə gəlməsindən sonra mənim də bu ölkə tərəfindən təqibim başlanılıb. Sonrakı etaplarda Elat bayramı, Borçalı cəmiyyəti də təqib olunmağa başlanıldı. Ancaq gürcü iqtidarı Elat bayramını tamamilə yasaqlaya bilmədi. Axrıncı dəfə Elat bayramı 2017-ci ildə keçirilib, mənim Gürcüstana buraxılmamağımla əlaqədar özüm bayramda iştirak etməsəm də bizim nümayəndələr bayramda iştirak etdi. Borçalı camaatı orda oldu, qələbəlik halında iştirak etdi. Keçən il də Borçalı cəmiyyəti olaraq Armundlu gölünə “Elat yurdunu ziyarət” aksiyası keçirdik. Borçalıdakı Armudlu gölündə batan idmançımız Mikayıl Orucovun abidəsini ziyarət etdik. Gürcülər bizim bayramımızın adını “Dmanisoba” qoysa da bizim soydaşlarımız oraya Elat bayramı eşqiylə yığışırlar. Orda pikniklər qurulur, qara zurnalar çalınır, yallılar gedilir. Bu il də iyul ayının 26-da Elat şəhidini ziyarət aksiyamız olacaq. Biz israrlı bir formada Gürcüstan hökümətindən bizim milli mədəniyyətimizə qarşı diskriminasiya halı hesab olunacaq xətanın aradan qaldırılmasını tələb edirik və güman edirik ki, tədricən Borçalı türklərinin Elat mədəniyyəti tədbirini keçirəcəyik.