31 May 2019
Mətni dəyiş
“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Report”a belə deyib.
Onun sözlərinə görə, Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq belə bir qərar qəbul edib.
F. Hüseynov bildirib ki, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Son qərarı Nazirlər Kabineti verəcək. Hazırda həmin bina yeni aşkar olunmuş tarixi abidələr siyahısına salınaraq dövlət tərəfindən qorunur”.
Mayın əvvəlində “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binadan çıxarılması tələbi ilə başlayan etiraz sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə müdaxiləsi ilə nəticələndi.
“Malakanların ibadət evi” kimi tanınan həmin bina özəl mülkiyyətdədir. Hazırda kinoteatr binada fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyib. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. Nəticədə gənclər bir neçə gün binanın həyətində gecələdilər, sosial şəbəkələrdə kampaniya apardılar və Mehriban Əliyevaya müraciət etdilər. Birinci vitse-prezident gənclərin istəyini dəstəklədi.