Mayın 30-da Abşeron rayon məhkəməsində Sevil Quliyeva və Şövkət Nəcəfovanın sədrliyi ilə 28 May Respublika Günü ilə əlaqədar keçirilən yürüşün iştirakçıları barəsində cərimə qərarları çıxarılıb.
Aksiya Novxanı qəsəbəsində keçirilib, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisinin abidəsinə çiçək qoymaq üçün yüzlərlə müxalifət fəalı və bitərəf vətəndaşlar iştirak ediblər.
300 manat məbləğində cəriməyə məruz qoyulanlar arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu, AXCP üzvləri Bəxtiyar Hüseynov, Şakir Əhmədov, bitərəf Mirzə Aydın var.
Məhkəmə onları İnzibati Xətalar məcəlləsinin 513.2-ci maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilib.
Fəallar özləri məhkəmə qərarlarını sifarişli hesab edirlər və onlardan şikayət vermək niyyətindədirlər. Bu barədə Turan Agentliyinə Tofiq Yaqublu bildirib.
Öz növbəsində, AXCP sədr müavini Gözəl Bayramlı Turan-a bildirib ki, mayın 28-də Novxanıda polis 8 nəfəri saxlayıb. Digər dörd nəfər barəsində məhkəmələr mayın 31-də qərar qəbul edəcəklər.