Qiyas İbrahimov xarici səfərə gedərkən sərhəddə saxlanılıb

Qiyas İbrahimov xarici səfərə gedərkən sərhəddə saxlanılıb
16 May 2019
Mətni dəyiş

Bu gün Sərhəd Xidməti NİDA Vətəndaş Hərəkatının fəalı, keçmiş siyasi məhbus Qiyas İbrahimovu Azərbaycan-Gürcüstan sərhəddində saxlayıb.

Bu barədə nidaçı fəalı, keçmiş siyasi məhbus Elgiz Qəhrəman məlumat yayıb. Onun sözlərinə görə, sərhədçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıblar.

"Qadağa onun hərbi bileti qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Q.İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında ümumvətəndaşlıq pasportu alıb".

Elgiz Qəhrəman bildirib ki, bir neçə saat sürən uzun yoxlamadan sonra Qiyas İbrahimovu ölkədən buraxıblar.

Xatırladaq ki, Q.İbrahimov və digər gənc fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər.

Gənclər külli miqdarda narkotik maddə alverində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdilər.

Onlar Beynəlxalq Amnistiya təşkilatı tərəfindən "vicdan məhbusları" kimi tanınıblar.

Bu ilin martında hər iki gənc Azərbaycan prezidenti tərəfindən əfv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun