Mart ayında verilmiş əvf fərmanı ilə azadlığa çıxan keçmiş heykəl məhbusu, nidaçı fəal Qiyas İbrahimov "Abzas"-a geniş müsahibə verib.
O, Azərbaycanda solçuluq ideologiyasının hazırki vəziyyətindən tutmuş, ölkədə fəhlə və kəndlilərin problemlərinə, solun düşmənlərindən tutmuş "Salaam Cinema"dakı gəncliyin etirazına qədər bir çox mövzudan danışdı.
- Bu gün Azərbaycan işçilərin hüquqları ilə bağlı ciddi problemlər var, həmkarlar təşkilatları işçilərin haqlarını qorumur, kəndlilərin torpaqları əllərindən alınır, bir sözlə kasıblar daha da kasıblaşır, varlılarsa daha da varlanır. Bu durumda cəmiyyətimizdə sol hərakatçılığa bir zəmin varmı səncə?
- Sol tarixən digər ideologiyalarla müqayisədə nəzəri olaraq daha öndə olub. Bura nəzəriyyələrin hazırlanması, kitabların yazılması və fikirlərin çatdırılması daxildir. XX yüz ildə sol həm leqal, həm də illeqal - yeraltı şəkildə kifayət qədər təşkilatlanmış bir dünya görüşü idi. Soyuq müharibənin bitməsindən sonra Fukuyamanın dediyi kimi bütün ideologiyalar “bitti”, post ideologiya dövrü başladı. Sosializm də “bitən” ideologiyalar arasında idi. SSRİ dağıldı və dünyada siyasi fəaliyyət liberal və neoliberal cərayanda irəliləməyə başladı. XXI yüzilliyin əvvəlləri göstərdi ki, bu əslində belə deyil, sol bitməyib, sadəcə avtoritar kommunist partiyası aradan qalxıb, aktivizmin tərzi dəyişib, sol avtoritar köynəyini dəyişib.
Azərbaycanda bu gün təşkilatlanmış sol yoxdur, çünki ölkə müstəqil olan kimi BP və s. kimi transmilli şirkətlər burda avtoritarizmi dəstəkləyən fəaliyyətləriylə solun qarşısını aldılar. Ona görə ki, onların burda fəaliyyətlərinə həmkarlar ittifaqları, işçi haqları haqda təbliğatlar və s. mane olacaqdı. Bizdə həmkarlar ittifaqları heç bir işçinin haqqını qorumayan, hakimiyyəti dəstəkləyən bürokratik qurumlardır. Aşkar GONGO (hökümətin yaratdığı qeyri-hökümət təşkilatı) fəaliyyəti göstərirlər. Əslində bu gün ölkədə baş verənlər sol bir ideologiyanın yaranıb aşağıları doğru istiqamətdə kanalizə etməsi üçün yaxşı bir zəmindir. Çünki bütün ciddi etirazlar aşağılarda yaranır: regionlarda işsiz insanların etirazları, çox aşağı təbəqənin etirazları. Bunlar hamısı solun onları yönəldə bilməsi üçün zəminlərdir.
- Azərbaycanda sola daha yaxın etiraz forması dindarların etirazlarıdır. Onlar da işsizlik, yoxsulluq, mülkiyyət hüquqları və bərabərlik üçün etiraz etdiklərini deyirlər. Sən necə düşünürsən, Azərbaycanda dindarlar və solçuların birgə hərakatı mümkündürmü?
- Sırf aşağıların yönəldiyi dindarlıq da ədalət və bərabərlik axtarışı olduğuna görə solla dindarlıq tarixən bir-birinə yaxın olub. Bunu ən bariz şəkildə İran inqilabında görmüşük. Onda İranda vəziyyət eləydi ki, dindarların təşkilatlanması solçulardan nisbətən daha asan başa gəlirdi, buna görə də inqilab öz balalarını yeyəndə ən çox da yeyilən solçular oldu. İranda solçu ideologiya ilə dinin hibridini Əli Şəriətinin əsərlərində görə bilərik. O, dinə uzaq biri deyildi, həm də marksist idi.
Təbii ki, sol dindarlıq deyil, amma bir qayda olaraq əzilən insanlar maarifləndirilmədikləri halda, intellektual olaraq geri qaldıqda daha çox dinə yönəlirlərsə, maarifləndirildikləri halda sosialist, marksist fikirlərə can atırlar. Sırf İslamdan danışsaq, bu dinin tarixində günümüz diliylə solçu hesab edilə biləcək fiqurlar var, məsələn, xəlifə Müaviyənin maddi zənginliyinə açıqca qarşı çıxmış Əbu Zər Gifari.
Azərbaycandakı sekulyar ideologiyalar əsasən dindarlara xitab etmir və onları maarifləndirməyi özünə vəzifə qoymur. Dindarları nisbətən özünə cəlb etmək potensialı əsasən sol ideologiyalardadır. Sol daim aşağıların yanında olmağa çalışır. Gəlin etiraf edək ki, Azərbaycanda liberal siyasi qüvvələrin sosial təbəqə olaraq əksəriyyət dindarlardan daha yuxarıda yer alması, onların dindarları ya da belə də deyə bilərik ki, əzilənləri görməsi və onlara xitab etmələrinə çətinlik yaradır.
[caption id="attachment_73900" align="aligncenter" width="1000"] 1979-cu ildə İranda baş vermiş inqilab ilk dövrlərdə imperializmə və kapitalizmə qarşı baş vermiş solçu inqilab sayılırdı. Lakin, Xomeyninin başçılığı ilə dindarların inqilabı ələ alması, solçulara divan tutulması ilə başa çatdı.[/caption]- 1905-ci ildə baş vermiş ilk Sosialist İnqilabı baş verdikdən sonra Lenin və dostları ikinci dəfə inqilaba hazırlaşırlar və Lenin dostlarına məktublarında daim yazırdı ki, bizim sosialist hərakatın məğlubiyyətə uğramasının səbəbi təşkilatlanma üçün kifayət qədər siyasi ədəbiyyatımızın olmamasıdır. Bəs səncə, Azərbaycanda solçu ədəbiyyatın miqdarı qənaətbəxşdirmi?
- Onsuz da sol tarixən nəzəri və intellektual olaraq daha güclü olmağa üstünlük verib, nəinki praktiki fəaliyyətə. Azərbaycanda müasir dövrdə sol intellektual ədəbiyyat çap olunmağa başlayanda bu hərakat aktivizm olaraq yox kimi idi. “Solfront” qrupunun çap etdiyi ədəbiyyatlar ola bilər bir çox gəncə təsir edib, solçulaşdırıb onları. Baxmayaraq ki, sovet dağılandan sonra Leninin, Marksın və s. əsərləri hələ də kitabxanalarda qalsa da, insanların keçmiş avtoritar kommunist rejimə nifrəti o kitablara yenidən maraq yaranmasına imkan vermədi. Axı, cəmiyyətimiz də kitab oxumağa elə də həvəsli deyil. Ona görə də təşkilatlanmağa zəmin yaratmaq üçün nəzəri və praktiki işlər bərabər görülməlidir.
- Azərbaycanda olduqca tez-tez neft hasilatı sahəsində iş qəzaları baş verir. Bunlardan biri elə yaxın günlərdə Xəzərdə “İsrafil Hüseynov” gəmisində baş verdi. Ölkəmizdə Neftçilər bir çox hallarda dənizdə təhlükəli şəraitlərdə işləyir, həmçinin BP və onun kimi beynəlxalq şirkətlər xaricdən gətirdiyi fəhlələrə yerli fəhlələrlə müqayisədə daha az əməkhaqqı verir. Səncə bütün bunlar ölkədə əsrin əvvəllərindəkinə bənzər bir neftçi-fəhlə hərakatına aparıb çıxara bilərmi?
- Azərbaycanda neft sahəsindən başqa demək olar ki, industrial sahə yoxdur. Bu da avtoritar hakimiyyətlərin məqsədli şəkildə apardığı iqtisadi siyasət üçün xarakterikdir. Onlar istəmirlər ki, minlərlə insan toplu şəkildə birgə işləyəcəyi zavod və fabriklər olsun və onlar uzun illər birlikdə çalışsınlar, çünki belə insanları təşkilatlandırmaq asan olur. Bizdə müasir industrial fəhlə topluluğu neft sahəsində çalışanlardır. Onların bir qismi BP-nin tabeliyində çalışdığına görə haqları müəyyən qədər müdafiə olunur. Doğrudur bu da şübhəlidir. Ancaq yerli neft şirkətinin tabeliyində olan fəhlələrin şəraitinin ağır olduğu şübhəsizdir. Onların təşkilatlanması çox çətindir. Çox ciddi bir narazılıq baş vermədikcə adətən onlar bir yerə toplaşıb haqlarını müdafiə edə bilmirlər və bu etirazlar çox qısa davam edir və sönür. Aydındır ki, onlara rəhbərlik edəcək bir qüvvə yoxdur və çox vaxt ya şirkətlə razılaşırlar, ya da işdən çıxarılırlar.
[caption id="attachment_77808" align="aligncenter" width="1500"] Xəzər dənizində partlayış baş vermiş "İsrafil Hüseynov" gəmisində yaralanmış neftçi. Azərbaycanda neftçilərin iş şəraitləri və üzləşdikləri iş qəzaları haqda mediada tez-tez xəbərlər çıxsa da, Neftçilərin Həmkarlar Təşkilatları bu problemlər haqda adətən danışmır.[/caption]- İndi yadıma düşür ki, 100 il əvvəlki dünya fəhlə hərakatlarının tarixi hardasa Bakıyla da bağlıydı.
- Hə, Çar Rusyasında fəhlə tətillərinin ən qaynar nöqtələrindən biri Bakı idi. Bu XIX əsrin sonu XX əsrin əvvəli ən kütləvi fəhlə tətilləri Bakıda yetişmişdi. 1903-cü il tətili Çar Rusiyasının cənubunda ilk ümumi tətil olub. Fəhlələr axırda ona nail olmuşdular ki, neft maqnatlarına ilə “Mazut konstitusiyası” adlanan qanunu imzalatmışdılar. Onları təşkilatlandıran, önlərində gedən sosialist qruplar var idi. Bu gün belə hərakat yoxdur, sol Azərbaycanda marginallaşıb, qaldı ki, industrial hərəkatda olsun. Azərbaycanda solçuluq işçi haqlarına nüfuz etməyib hələlik, halbuki buna zəmin var.
- Bizim ölkədə kəndlilərin vəziyyəti də get-gedə çar dövründəki təhkim olunmuş kəndlilərin vəziyyətinə oxşayır. Onların torpaq payları məmurlar və oliqarxlar tərəfindən ucuz qiymətə alınır və bir az sonra onlar torpaqsız fəhlələrə çevrilirlər.
- Bu doğrudur, Azərbaycanın regionlarında çəpərləmələr baş verir. Hökümətdə yer alan oliqarxlar və yaratdıqları şirkətlər kəndliləri torpaqlarından məhrum edirlər. Getdikcə kəndlilər fəhlələşirlər. Əslində elə kəndlinin üsyankarlaşması bundan başlayır. O, torpağını itirir, istismar olunur və günün birində üsyan etməyə hazır adama çevrilir.
Markisist ideologiyanın nəzəri əsaslarında deyilirdi ki, kəndli inqilabçı güc deyil, o ancaq torpağını itirəndə inqilabçı gücə çevriləcək. Fəhləyə çevrilmək üçünsə o mülkünü itirib, istismar olunmağa başlamalıdır.
- Bu o deməkdir ki, etrazçı qüvvələr regionlarda daha çoxdur.
- Bəli, ona görə də bizdə şəhər insanına xitab edən siyasi qruplar daha çox uğursuzluğa düçar olurlar. Çünki reaksiyanın hardan gələcəyini dəqiq müəyyən edə bilmirlər. Ona görə də regionlarda baş verən etirazlar şiddətlənir və az sonra başsız qaldığı üçün sönür. Siyasi qrupların regionlara getməyi də çətindir. Ancaq bir neçə regionda etirazlar baş qaldırsa onda mərkəzi şəhərdən o etirazları idarə etmək mümkün olar.
Azərbaycanda liberal-demokrat siyasi qüvvələrin aşağılara xitab edə bilməməsi problemi açıq-açığına görünür, ona görə də aşağı təbəqələrdə yaşayan insanlara ideoloji yön verən siyasi təşkilatlar olmadıqda onların dinə yönlənmələri normaldır. Məsəlçün, Nardaran hadisələrində müxalifət koalisiyasının dindarları müəyyən qədər dəstəkləməyi doğru addım idi. Çünki əhalinin aşağı təbəqələri kütləvi olaraq dinə yönəlsə və onlara xitab edən siyasi qüvvələr olmasa ciddi sosial etiraz hərakatı günün birində nəzarətdən çıxacaq və kim bilir hansı tərəfə yönələcək. Bu baxımdan aşağı təbəqələrlə, dindarlara danışacaq ideoloji yönüm sol yönüm ola bilər. Etiraf etmək lazımdır ki, bu gün özlərini liberal olaraq etiketləyən insanlar aşağılara xitab etməkdə acizdirlər.
- Azərbaycanda qlamur-intellektuallar arasında da sola münasibət mənfidir. Elə bu yaxınlarda yazıçı Əli Əkbər öz saytı “azlogos.eu”-da sola qarşı bir məqalə yazmışdı, solçuları məişət tərbiyəsizi və qaraqışqırıqçı adlandırdı. Halbuki, cəmiyyətdə solçuların belə obrazı yoxdur. Sən bu cür tənqidləri necə şərh edərdin?
- Əli Əkbər özü də demişdi ki, mən solçuları manipulyasiya edəcəyəm və onları qıcıqlandıran reaksiya ilə öz saytıma oxucu yığacağam. Ancaq onun belə davranışları ona qarşı bumeraq effeki verdi.
Mən publikləşmiş, müxalif bir fiqur kimi görünürəm və ola bilsin onun mənim timsalımda solçulara qarşı tənqidləri hərəkətləri sadəcə reytinq yığmaq üçün idi.
[caption id="attachment_77800" align="aligncenter" width="503"] İsveçrədə yaşayan mühacir yazar Əli Əkbərin yaratdığı Azlogos.eu saytı intellektual platforma olsa da, orda bəzən müxalif simalar tənqid olunur. Əli Əkbər yaratdığı saytın Azərbaycandan və Avropadan olan iş adamlarının maliyyə vəsaitləri hesabına çalışdığını bəyan etmişdi.[/caption]- Əli Əkbər “Yeni Musavat” qəzetinə müsahibəsində “azlogos.eu” saytının maliyyə mənbəyi kimi Azərbaycandan olan bir iş adamının da maliyyə yardımlarını aldığını etiraf edib. Bundan öncə onun “kuluta.az” saytını işlədərkən deputat Asim Mollazadədən mütəmadi maddi yardım aldığı deyilirdi. Bu halda Əli Əkbərin oliqarx sifarişlərini yerinə yetirdiyini düşünmürsənmi?
- Hər-halda mənim bununla bağlı heç bir sübutum yoxdur. Bəli, sözügedən yazıda bir şəxsi hədəfə almaq tərzi müəllifin, hakimiyyətin sifarişini yerinə yetirmək kimi bir məqsədindən şübhələnməyə rəvac verirdi. Ancaq yenə də təkrar edirəm bizim bununla bağlı hansısa faktımız yoxdur. İstənilən halda bu yazı Əli Əkbərin özünə qarşı bumeranq effekti yaratdı, onu gözdən saldı və marjinallaşdırdı.
Mən “azlogos.eu” saytını ilk dəfə görəndə ordan bir neçə yazını oxudum, o vaxt "kultura.az" saytının da oxucusu idim, əgər o belə intellektual saytının reytinqi artması üçün çalışırsa, bu yaxşı haldı. Ancaq bunun üçün insanlar haqda aşağılayıcı yazmaq uğurlu yol deyil. Belə davranışlarla Əli Əkbər uzun müddətdir diqqətdən kənarda qaldığını və yaradıcılığının tamam tükənmiş olduğunu hiss etdirdi.
[caption id="attachment_77748" align="aligncenter" width="1000"] "Salaam Cinema" kinotetrına dəstək verən gənclər.[/caption]- Bu yaxınlarda yaşanmış başqa bir hadisə haqda da soruşmaq istərdim. Gənclər “Salaam Cinema”nın 100 illik binasını sökülməkdən xilas etdilər. Başqa “Salaam Cinema” işçiləri olaraq əksər siyasi aktiv gənclər ora toplaşdı və bina hələlik sökülməkdən xilas olundu. Səncə “Sallam Cinema” gəncliyin qələbəsiydimi?
- Mən belə fikirləşirəm ki, heç bir qələbə yoxdur. Bəli, o bina qorunmalıydı. Bizim həm də istəyimiz o idi ki, gəncliyin etirazı ilə bağlı bir nümunə yaransın. Hamının problemlərini həll etmək üçün istifadə etdiyi həll yoluna gənclər də baş vurmalı deyildi. Yəni, söhbət birinci vitse-prezidentə xahiş məktubu yazmaqdan gedir. Təbii ki, ordakı dəstəyə səsləyənlər hansısa prinsipal siyasi müxalif simalar deyildi, bunu etdikləri müraciətlə də göstərdilər. Belə təəssürat yarandı ki, insanların ora toplanmasını, kiməsə kütləvi şəkildə xahiş etsinlər deyə istəyirmişlər. Əgər orda müqavimət bizim istədiyimiz şəkildə davam etsəydi, onda əldə olunanları qələbə hesab edə bilərdik. Maddi olaraq nəyəsə nail olunmasa belə, təkcə gəncliyin yeni etiraz nümunəsinin yaranması belə niyə də qələbə hesab olunmayaydı? Amma olan bu deyildi. Bu baş verənlər qələbə deyil, hərçənd ki, maddi olaraq nəsə əldə olunmuş kimi görünür hələ ki. Ola bilər ki, yaxın vaxtlarda onların qələbə hesab etdikləri şeyin əksi baş verəcək. Bu çox alçaldıcı olardı. Həm xahiş edirsiniz ki, problem həll olunsun, sonra isə xahiş yerinə yetmir, sizi ordan çıxarırlar, ya binanı sökürlər, ya da öz istədikləri məqsədlə istifadə edirlər. Əgər bu olacaqsa, xahişləri yerə düşəcəksə, onda biz haqlı çıxacağıq. Mən yenə də öz reaksiyamı göstərməkdə özümü haqsız saymıram. Gənclərin o cür müraciət yazıb imzalamaları yaxşı nümunə olmadı. Ümid edək ki, hamımız səhvlərimizdən öyrənə biləcəyik.