Özbəkistanda hökümət bloklanmış saytlara girişi açıb

Özbəkistanda hökümət bloklanmış saytlara girişi açıb
11 May 2019
Mətni dəyiş

Özbəkistanda bundan əvvəl bloklanmış yerli və xarici kütləvi informasiya vasitələrinə giriş açılıb.

Bu barədə məlumatı Özbəkistan Prezident Adminsitrasiyası yanında informasiya və kütləvi kommunikasiyalar agentliyinin rəhbəri Komil Allamjonov özünün Facebook səhifəsində yazıb.

Maraqladır ki, bu media saytlarının bundan əvvəl bağlı olması faktını məmur “texniki nasazlıqlarla” izah edib.

Allamjonov yazıb ki, araşdırma nəticəsində sözü gedən veb resursların Özbəkistanda tammiqyaslı işinə mane olan müəyyən texniki nasazlıqlar müəyyən edilib və bu saytların işinin bərpası üçün tədbirlər görülüb.

Rəsminin sözlərinə görə, mayın 10-dan Voice of America, Amerika ovozi, BBC Uzbek, Deutsche Welle, Amnesty International, Human Rights Watch, Reporters sans frontieres, Eurasianet.org, AsiaTerra, Fergana Agency, Centre1, Uzmetronom və başqa əcnəbi saytlara giriş tam bərpa olunub.

Sadalanan medianın arasında AzadlıqRadiosunun Özbək xidmətinin - Ozodlik radiosunun adı yoxdur.

Allamjonov öz məlumatında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Désirə istinad edib.

Cənab Desir aprel ayında Özbəkistan hökumətini informasiya saytlarının bloklanmasına son qoymağa çağırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun